Bakı. 30 dekabr. REPORT.AZ/ Novosibirskdə 9 Azərbaycan vətəndaşından ibarət cinayətkar qrupa hökm oxunub.
"Report" Rusiya Federasiyası Novosibirsk vilayəti üzrə İstintaq İdarəsinin saytına istinadən xəbər verir ki, qrup insan həyatına sui-qəsd, insan oğurluğu və şantajla məşğul olub.
Müəyyən olunub ki, 2010-cu ildə 3 azərbaycanlı öz həmvətənlərini toplayaraq mütəşəkkil cinayətkar qrup yaradıb. Onların qurbanları sahibkarlıq fəaliyyəti ilə məşğul olan və yaxşı maddi gəlir əldə edən həmvətənləri olub.
Məhkəmənin hökmü ilə onların hər birinə 7 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası verilib. Cinayətkar qrupdakı rolundan asılı olaraq, onlar RF Cinayət Məcəlləsinin insan həyatına sui-qəsd, insan oğurluğu, şantaj, sağlamlığa orta ağırlıqda zərər yetirmə və odlu silah və sursatın qanunsuz alınması, saxlanılması, daşınması və gəzdirilməsi maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli biliniblər.