​"Qarabağ" səfərdə "Xəzər Lənkəran"ı məğlub edib

​"Qarabağ" səfərdə "Xəzər Lənkəran"ı məğlub edib Ağdam klubu 31 xalla turnir cədvəlinə liderlik edir
Futbol
18 Dekabr , 2014 19:01
​Qarabağ səfərdə Xəzər Lənkəranı məğlub edib

Bakı. 18 dekabr. REPORT.AZ/ Futbol üzrə Topaz Premyer Liqasının XV turunda "Xəzər Lənkəran" Ağdamın "Qarabağ" klubunu qəbul edib. "Report"un Lənkərana ezam olunmuş əməkdaşının məlumatına görə, qarşılaşma "Qarabağ"ın qələbəsi ilə yekunlaşıb.

Lənkəran şəhər stadionunda baş tutan görüşdə qonaqlar hesabı açıb. Muarem Muarem 7-ci dəqiqədə adını tabloya yazdırıb. Oğuz Çətinin komandasının cavabı özünü çox gözlətməyib. 17-ci dəqiqədə "ağ-yaşıllar"ın hücumu öz təsirini verib və Qara Qarayev topu öz qapısına göndərməklə hesaba tarazlıq gətirib. Matçın ilk hissəsi 1:1 hesabı ilə yekunlaşıb.

İkinci hissəyə meydan sahibləri daha aktiv başlayıb. Sadio Tounkara 56-cı dəqiqədə hesab arasındakı fərqi artırıb - 2:1. Bundan 7 dəqiqə sonra M.Muarem rəqib qapısına yol tapıb - 2:2. Matçın 79-cu dəqiqəsində "Qarabağ" klubunun müdafiəçisi Bədavi Hüseynov sonuncu ölkə çempionuna 3 xal qazandıran topu rəqib qapısından keçirib. Beləliklə, qonaq komanda 3 qolla 3 xalı aktivinə yazıb.

Bu turdan sonra "Qarabağ" xal ehtiyatını 31-ə çatdıraraq turnir cədvəlinə liderlik edir. "Xəzər Lənkəran" isə 19 xalla 4-cü pillədədir.

Qeyd edək ki, Lənkəran şəhər stadionunda keçirilən qarşılaşmanı izləmək üçün KİV nümayəndələri Peşəkar Futbol Liqası (PFL) tərəfindən cənub bölgəsinə aparılıb.

Son xəbərlər

Orphus sistemi