Bakı Ali Neft Məktəbində 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunan tədbir keçirilib

Bakı Ali Neft Məktəbində 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunan tədbir keçirilib Tədbirin sonunda “Qanlı Yanvar” bədii filmi nümayiş etdirilib
Elm və təhsil
19 Yanvar , 2016 12:43
Bakı Ali Neft Məktəbində 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunan tədbir keçirilib

Bakı. 19 yanvar. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunan tədbir keçirilib. Bu barədə “Report”a BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, tədbirdə “ANS Şirkətlər Qrupu”nun sifarişi ilə istehsal olunan, eyni zamanda həmin şirkətin prezidenti Vahid Mustafa Yevin rejissorluğu və ssenarisi əsasında ekranlaşdırılan “Qanlı Yanvar” bədii filminin nümayişi olub. Tədbirdə filmin yaradıcı heyəti, o cümlədən baş rolların ifaçıları – Azər Aydəmir, Faiq Mirzəyev və Tamilla Həmidova iştirak edib.

Öncə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet Ordusunun Azərbaycanda həyata keçirdiyi qətliam nəticəsində həlak olan şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə giriş nitqi ilə çıxış edən BANM-in rektoru Elmar Qasımov Azərbaycan xalqının keçdiyi şanlı qəhrəmanlıq tarixindən söz açaraq, 20 Yanvar faciəsinin əslində xalqımızın igidlik, mübarizlik və şücaətlə dolu qəhrəmanlıq günü olduğunu bildirib.

1990-cı ildəki, həmin dövrdəki ictimai-siyasi ab-havaya diqqət çəkən Elmar Qasımov Azərbaycanın milli-azadlıq mübarizəsi və müstəqillik yolunda qurban gedən şəhidlərin ölməzliyə qovuşduğunu bildirib. O, igid oğul və qızların qanı bahasına qazanılan, ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan, eyni zamanda, bu gün Prezident İlham Əliyevin məqsədyönlü siyasəti ilə davam etdirilən dövlət siyasətinin əsasını təşkil edən müstəqilliyin gənc nəsillər tərəfindən qorunub saxlanılmasının vacibliyindən bəhs edib. Elmar Qasımov “Qanlı Yanvar” bədii filmi haqqında danışaraq ekran əsərində cərəyan edən hadisələrin real faktlara əsaslandığını deyib. O, Azərbaycan xalqının qan yaddaşında unudulmaz iz buraxan hadisənin dünya ictimaiyyətinə çatdırılmasının çox vacib olduğunu bildirərək filmin ərsəyə gəlməsində Vahid Mustafa Yev başda olmaqla, yaradıcı heyətə və əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

Rektor Elmar Qasımov filmin baş rollarının ifaçılarına BANM-in adından təşəkkür edib və hər birinə hədiyyə təqdim edib. Filmin baş rollarının ifaçıları – Azər Aydəmir, Faiq Mirzəyev və Tamilla Həmidova BANM-də olmaqdan məmnunluqlarını dilə gətirərək Ali Məktəbin rəhbərliyinə filmin nümayişi üçün yaradılan şəraitə görə təşəkkür etdilər. Onlar Azərbaycan tarixinin şanlı səhifələrinin gənclərə tanıdılması və onların milli vətənpərvərlik ruhunda formalaşmasında filmin mühüm rol oynayacağına əminlik ifadə ediblər.

Sonra “Qanlı Yanvar” bədii filmi nümayiş etdirilib.

Son xəbərlər

Orphus sistemi