Bakı. 16 iyun. REPORT.AZ/ Əfqanıstanın Hərbi Hava Qüvvələrinin ölkənin şimal-şərqinə endirdiyi aviazərbələr nəticəsində "Taliban" hərəkatının 14 silahlısı öldürülüb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda Əfqanıstan polisi məlumat yayıb. Öldürülənlərdən 8-i xarici ölkə vətəndaşıdır.
Bədəxşan əyaləti Polis İdarəsinin təmsilçisi Lələ Məhəmməd Əhmədzay bildirib ki, hava zərbələri bölgənin Curm rayonunun Khol Dara-i-Xastak kəndinə endirilib: "Öldürülənlər arasında özünü Bədxşan əyalətinin başçısı elan etmiş Molla Amanuddin də var".
Xəbərə görə, Molla Amanuddin "Taliban" hərəkatının son 5 gündə öldürülən 3-cü "qubernatorudur". İyunun 14-də Kunar əyalətinin "başçısı" Ömər Zadran, ondan əvvəl isə Nanqarhar əyalətinin "qubernatoru" Mövləvi Mirəhməd Gül öldürülüb.