Əli Həsənov: “31 martda baş verənləri gələcək nəsillərə çatdırmalıyıq”

Əli Həsənov: “31 martda baş verənləri gələcək nəsillərə çatdırmalıyıq” “Azərbaycan dünyaya çoxsaylı xalqların birgə yaşaması nümunəsini çatdırır”
Daxili siyasət
31 Mart , 2016 15:57
Əli Həsənov: “31 martda baş verənləri gələcək nəsillərə çatdırmalıyıq”

Bakı. 31 mart. REPORT.AZ/ “31 mart soyqırımı elə bir gündür ki, bu, Azərbaycanın milli elitasını özünə cəlb etməlidir. Biz baş verənləri gələcək nəsillərə çatdırmalıyıq”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Elmin İnkişaf Fondunun Ermənistanın Azərbaycana təcavüzü və ərazi iddiaları ilə bağlı nəşrlərinin təqdimatında deyib.

Onun sözlərinə görə, ermənilər azərbaycanlılara qarşı 200 ildən artıq müddətdə soyqırım həyata keçiriblər: “31 mart soyqırımı haqqında Azərbaycanda hər kəs bilir. Ermənilər azərbaycanlıların torpaqlarını işğal etmək üçün mürtəce dairələrin dəstəyindən istifadə ediblər. 31 mart soyqırımını böyük dövlətlərin dəstəyi ilə ermənilər həyata keçirib. Başda Şaumyanın dəstəsi olmaqla Bakıda və digər bölgələrdə on minlərlə dinc insanı qətlə yetirdilər. Bir dövlətin marağını həyata keçirmək üçün on minlərlə insan qırılırsa, bu, o dövlətin mahiyyətini göstərir. İlk dəfə ümumilli lider Heydər Əliyev ermənilərin azərbaycanlılara qarşı soyqırımlarını ümumiləşmiş hadisə kimi rəsmiləşdirdi. Beləliklə, 31 mart soyqrımı rəsmi səviyyəyə çatdırıldı. 1905-1918-ci illərdə Azərbaycanın onlarla kəndi dağıdılıb”.

Ə.Həsənov qeyd edib ki, hazırda Azərbaycanın yürütdüyü siyasət öz bəhrəsini verməkdədir: “Azərbaycanda son illərdə bütün sahələrə olduğu kimi, tarixin inkiafına da dəstək verilir. Heydər Əliyev Fondunun və onun rəhbəri, millət vəkili Mehriban Əliyevanın dəstəyi ilə çoxsaylı tədbirlər keçirilib. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsüylə “Xocalıya ədalət” kampaniyası çərçivəsində xeyli iş görülüb, dünya ictimaiyyəti soyqırımla bağlı məlumat alırlar. Ermənilərin Azərbaycana qarşı təcavüzü ilə bağlı bütün dünyanı məlumatlandırmalıyıq. Azərbaycanda multikulturalizm mövcuddur. Ölkədə tolerantlıq var. Azərbaycan dünyaya çoxsaylı xalqların birgə yaşaması nümunəsini çatdırır”.

O bildirib ki, erməni xalqı mürtəce siyasət yürüdən rejimdən qurtula bilmir: “Onlar, sadəcə, özlərində güc tapıb belə mürtəce rejimdən xilas ola bilmirlər.

BMT, Avropa Şurası, dövlətlər arasında münasibətləri quran beynəlxalq təşkilatlar Ermənistan kimi dövlətləri nəzarətdən buraxmamalıdır. Onlardan dünyada və öz ölkələrində törətdikləri hadisələrə görə cavab tələb edilsin. Belə dövlətlərin qonşuları ilə münasibətləri diqqət mərkəzində olmalıdır. Azərbaycanın torpaqlarını işğal edən, insanları çadırlarda yaşamağa vadar edən rejimlərin fəaliyyətinə qiymət verilməlidir. Onu özünün strateji müttəfiqi hesab edən, sosial, siyasi, iqtisadi tərəfdaşa çevirmək istəyən xalqlar, dövlətlər fikirləşməlidirlər ki, belə rejimlərlə dostluq, tərəfdaşlıq etmək olarmı?”

Son xəbərlər

Orphus sistemi