Zurab Abaşidze: “Gürcüstanın tranzit funksiyası əldə etməsində həlledici rol Heydər Əliyevə məxsusdur”
- 10 may, 2022
- 19:49
Yeniliklərdən dərhal xəbərdar olun!
“Eduard Şevardnadzenin vaxtilə dəfələrlə vurğuladığı kimi, Gürcüstanın tranzit funksiyası əldə etməsində həlledici rol Heydər Əliyevə məxsusdur”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Heydər Əliyev və Eduard Şevardnadze görkəmli dövlət xadimləri və siyasətçilər olublar: “Onların dostluğu və şəxsi münasibətləri Gürcüstanla Azərbaycan arasında qarşılıqlı əlaqələrin möhkəmlənməsində xüsusi rol oynayıb”.
Ötən əsrin 90-cı illərin sonlarına qədər Gürcüstanın Avropa İttifaqındakı missiyasına rəhbərlik etmiş Z.Abaşidze Brüsseldə hər iki lideri bir neçə dəfə qarşıladığını bildirib: “Həmin dövrdə Gürcüstan və Azərbaycanın həyata keçirdiyi layihələr və proqramlarla yaxından məşğul olurdum. Birgə layihələr hər iki dövlətə yeni funksiylar verdi. Eduard Şevardnadze və Heydər Əliyev bir-birinə böyük hörmətlə və qardaşcasına yanaşırdılar. Onların bu münasibətləri bizim hamımız və gələcək nəsil üçün nümunədir”.