“Mən Azərbaycan dövlətinin və dövlət başçısının Ukraynaya dəstəyini yüksək qiymətləndirirəm. Azərbaycan Prezidenti İlham Əliyevlə əlaqə saxlayırıq, o, beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət edilməsinin tərəfdarıdır. Buna və Ukraynaya göstərdiyi yardıma görə dövlət başçısına minnətdarıq”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Rusiyanın ölkəyə hərbi müdaxiləsinin bir ilinin tamam olmasına həsr olunmuş “Fevral. Yenilməzlik ili” adlı mətbuat konfransı zamanı "Report"un Şərqi Avropa bürosunun əməkdaşı Mübariz Aslanovun sualını cavablandırarkən deyib.
“Report”un əməkdaşının onunla Ukrayna dilində ünsiyyət qurmasına diqqət çəkən Zelenski “Əgər bu gün azərbaycanlı jurnalist sualı Ukrayna dilində qoyursa, bu, artıq Azərbaycanın kimi dəstəklədiyini göstərir. Sizə və sizin xalqınıza təşəkkürümü bildirirəm”, - deyə cavab verib.