Noyabrın 8-də İran İslam Respublikasının paytaxtı Tehrandakı “Espinas” oteldə Zəfər Günü ilə bağlı Azərbaycan Respublikasının İrandakı səfirliyi tərəfindən rəsmi qəbul təşkil olunub.
Səfirlikdən "Report"a verilən məlumata görə, tədbirdə İran Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının rəsmi şəxsləri, xarici ölkələrin bu ölkədəki səfirləri, hərbi attaşeləri və diplomatları, ziyalılar, sənət adamları, Tehranda yaşayan azərbaycanlılar, kütləvi informasiya vasitələrinin və ictimaiyyətin nümayəndələri iştirak edib.
Tədbirdən öncə, səfirliyimizin əməkdaşlarının övladları tərəfindən çəkilən rəsmlərdən ibarət “Şanlı Qələbəmiz” mövzusunda təşkil edilmiş sərgiyə baxış keçirilib.
Vətən müharibəsi şəhidlərinin 1 dəqiqəlik sükütla anılması və dövlət himnlərinin səsləndirilməsindən sonra rəsmi qəbulda Azərbaycanın şanlı qələbəsini əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbir iştirakçılarını salamlayan Azərbaycanın İrandakı səfiri Əli Əlizadə 44 günlük vətən müharibəsinin hər bir gününün şanlı tarix olduğunu bildirib. Səfir 30 il ərzində Azərbaycanın bu münaqişə ilə bağlı acı həqiqətləri dünya ictimaiyyətinə çatdırdığını, məsələnin BMT-nin qətnamələri və beynəlxalq hüququn prinsipləri əsasında həllinə çalışdığını, lakin təcavüzkar Ermənistanın münaqişənin sülh yolu ilə həllinə heç zaman maraqlı olmadığını vurğulayıb. Beynəlxalq birliyin hər hansı bir ciddi təzyiqi, sanksiyaları ilə qarşılaşmayan təcavüzkar Ermənistanın son illər daha da azğınlaşdığını və təxribatlarını davam etdirərək sonda Azərbaycana qarşı hücüma keçdiyini bildirən səfir müzəffər Ali Baş Komandanın əmri ilə rəşadətli Azərbayan Ordusunun Ermənistanın yeni torpaqları işğal etmək niyyəti və arzularını püç etdiyini qeyd edib.
Ə.Əlizadə Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və müdrik rəhbərliyi, xalqımızın möhkəm iradəsi və birliyi, qəhrəman şəhidlərimizin fədakarlığı, müzəffər ordumuzun əzmi, peşəkarlığı və şücaəti hesabına təcavüzkar Ermənistanın təslim olmağa məcbür edildiyini və Azərbaycanın öz əzəli torpaqlarını işğaldan azad edərək tarixi missiyasını yerinə yetirdiyini diqqətə çatdırıb. O, Azərbaycanın şanlı qələbəsinin ədalətin və beynəlxalq hüququn zəfəri olduğunu, 30 il sürən uzunmüddətli işğala, təcavüzə və ədalətsizliyə son qoyulduğunu, BMT qətnamələrinin Azərbaycanın qətiyyətli addımları və özünümüdafiə hüququ sayəsində icra edildiyini bildirib.
Hazırda işğaldan azad edilmiş torpaqlarda sürətli quruculuq və bərpa işlərinin aparıldığını vurğulayan səfir Azərbaycanın beynəlxalq hüquqa, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı prinsiplərinə ciddi riayət edilməsi əsasında Ermənistanla münasibətləri normallaşdırılmağa hazır olduğunu vurğulayıb.
Zəfər Gününün Azərbaycan milləti üçün əlamətdar və tarixi gün olduğunu bildirən Əli Əlizadə bu günün İranda qeyd olunmasının da xüsusi əhəmiyət kəsb etdiyini və İranın yaxın qonşu ölkə olaraq Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini qeyd edib, Zəfər Günü münasibətilə təbriklərə görə İran Xarici İşlər Nazirliyi və hökümətinə təşəkkürlərini çatdırıb.
Rəsmi qəbul, ziyafətin verilməsi və səfirliyin əməkdaşlarının övladlarının və “Aylan” rəqs qrupunun “Qarabağ”, “İgidlər” və digər kimi Azərbaycan xalq rəqslərinin, eləcə də Azərbaycana aid müxtəlif videoçarxların nümayişi ilə davam etdirilib.