Azərbaycanda səfərdə olan Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndə heyəti ilə Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyəti arasında görüş keçirilib.
"Report" xəbər verir ki, YAP Mərkəzi Aparatında hakim partiya sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov çıxışında iki ölkə arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qalxdığını xatırladıb.
O bildirib ki, iki hakim partiya Zəfərdən sonra yaranmış reallıqlara uyğun olaraq inkişaf etdirməyi qarşıya məqsəd qoyub: "Biz birgə fəaliyyət istiqamətində səylərimizi daha da artıracağıq. Biz Türkiyə Prezidentinə, xalqına dərin təşkkürümüzü bildiririk. 44 günlük müharibə iki xalq, iki dövlət arasında münasibətlərin hansı zirvədə olduğunu nümayiş etdirdi. Prezident İlham Əliyevin bu gün də dediyi kimi, Türkiyənin 44 günlük müharibədə Azərbaycanın yanında olması kənar təzyiqlərin dəf olunması, Qələbənin əldə olunması, gələcək tərəqqisi üçün zəmin yaratdı. Gələcəkdə birgə konfranslar, tədbirlər keçirəcəyik”.
AKP sədrinin I müavini Numan Kurtulmuş Azərbaycanda özlərini evlərindəki kimi hiss etdiklərini vurğulayıb: “Son dövrlər iki partiya arasında münasibətlər sürətlə inkişaf edir. Bu gün keçirdiyimiz görüşlərin dostluğumuzu, qardaşlığımızı möhkəmləndirəcəyini düşünürük. İki partiya iki xalqın, dövlətin daha da yaxınlaşması üçün səylərini artıracaq. Qarşılıqlı səfərlər intnensivləşəcək, birgə tədbirlər keçiriləcək. Dostluğun inkişaf etdirilməsi səylər tələb edir. Biz bu münasibətləri daha da inkişaf etdirəcək, iki partiyanın, xalqın, dövlətin münasibətlərinin gələcəkdə daha sıx olması üçün zəmin yaradacağıq”.
Daha sonra T.Budaqov və N. Kurtulmuş qarşılıqlı xatirə hədiyyələri təqdim ediblər.