Xocalı qurbanlarının xatirəsi Moskvada yad edildi

Xocalı qurbanlarının xatirəsi Moskvada yad edildi Moskva şəhərindəki Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində “Tarixin dərsləri və insanlığa qarşı cinayətlərin qarşısını almaqda müasir gənclərin rolu” mövzusunda konfrans keçirilib
Xarici siyasət
25 Fevral , 2021 13:52
Xocalı qurbanlarının xatirəsi Moskvada yad edildi

Moskva şəhərindəki Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində “Tarixin dərsləri və insanlığa qarşı cinayətlərin qarşısını almaqda müasir gənclərin rolu” mövzusunda konfrans keçirilib.

“Report”un Rusiya bürosu xəbər verir ki, Rusiya Azərbaycanlı Gəncləri Birliyinin (RAGB) “ALEF”, “Əməkdaşlığın gənclər təşəbbüsü”, “Azərbaycanlı tələbələr və məzunlar platformu” (ASAP) ilə birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın Rusiyadakı səfirliyi və Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi də iştirak edib.

Bəşəriyyətə qarşı təhdid olaraq soyqırım məsələlərinin də müzakirə olunduğu konfransda Xocalı soyqırımı və Holokaust tarixinə xüsusi diqqət yetirilib.

Konfransı açan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Xocalı faciəsinin Azərbaycan xalqı üçün sağalmaz yara olduğunu deyib: “30 ilə yaxın vaxt keçsə də, bu acımız hələ bizimlədir. Xocalıda həlak olan uşaqlar heç bir zaman böyüməyəcəklər. Amma bu il həmin günü xüsusi duyğularla, rəşadətli ordumuz və qüdrətli, müdrik Ali Baş komandanımız İlham Əliyevin sayəsində qalib gələn xalq olaraq qeyd edirik. Bu müharibə şərəfimizi, ləyaqətimizi bizə qaytardı. O həyatlar torpaqlarımızı düşmən tapdağından xilas etmək üçün fəda edilib”.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi humanitar proqramlar şöbəsinin müdiri Tamilla Əhmədova Xocalı faciəsini Azərbaycan dövlətinin tarixində ən ağrılı səhifə olaraq dəyərləndirib: “O hadisənin əks-sədası ürəklərimizdədir. Bunun unudulması mümkün deyil. Azərbaycan xalqı qurbanlarını daim ehtiramla yad edəcək. Bizim xalqımız hətta əzab-əziyyətlərimizin baiskarlarına belə yeri gələndə mərhəmət göstərməyi bacarır. Əminəm, tolerantlıq əsasında böyümüş gənclər bu kimi hadisələrin təkrarlanmasına yol verməyəcək”.

İştirakçılar həmçinin belə bir tədbirin Holokost dəhşətlərinin xatirəsini yaşadan Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində keçirilməsinin rəmzi məna daşıdığını bildiriblər.

Rusiyalı politoloq Sergey Markov Xocalı qırğını, Holokost kimi faciələrdən bütün bəşəriyyətin ibrət dərsi götürməsinin əhəmiyyətini qeyd edib: “Xocalı faciəsi insanlığa qarşı amansız cinayət, Azərbaycana qarşı da soyqırımdır. Bu hadisənin baiskarları hələ də cəzalarına çatmayıblar. Cinayətin məhz soyuqqanlıqla, düşünülmüş şəkildə törədilməsi adamı duruxdurur. Bu mənfur cinayəti ictimaiyyətə çatdırmalıyıq”.

Qarışıq formatda, yəni həm off-line, həm də on-line (Zoom platformada) keçirilən konfransda iştirak sərbəst olub.

Son xəbərlər

Orphus sistemi