“Azərbaycanın xarici işlər nazirinin Tbilisiyə ötən ilin sentyabrında səfəri zamanı Gürcüstan tərəfi qarşı tərəfə əlavə materiallar təqdim edib”.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiyanın həmsədri, Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya bildirib.
Onun sözlərinə görə, həmin materiallar Azərbaycan tərəfindən tədqiq olunur: “Biz komissiyanın iclasının ən qısa müddətdə təyin olunacağını gözləyirik. Sərhəd danışıqlarına gəlincə, proses kifayət qədər həssasdır. Tərəflər məsələyə böyük məsuliyyətlə, ilk növbədə, ölkələrimiz arasında mövcud münasibətlərin ruhuna uyğun formada yanaşırlar. Bu, strateji tərəfdaşlıq ruhudur və bu ruhda çalışırıq. Lakin hər bir tərəfin öz qəti mövqeyi var”.
XİN rəsmisi Azərbaycanla aparılan sərhəd danışıqları ilə bağlı düşünülməmiş bəyanatlardan çəkinməyə çağırıb. O qeyd edib ki, bu cür bəyanatlar prosesə mənfi təsir göstərə bilər.