Azərbaycan Xarici İşlər Nazirliyi Eritreyada girov götürülən gəmi ilə bağlı məsələni nəzarətə götürüb, heyətin sərbəst buraxılmasına çalışır
Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat katibi Ayxan Hacızadə deyib.
Onun sözlərinə görə, “Caspian Marine Services B.V.” şirkətinin Azərbaycandakı filialı tərəfindən istismar olunan Azərbaycanın dövlət bayrağı altında üzən “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmiləri Süveyş kanalı istiqamətindən Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərinə səfəri zamanı hava şəraitinin kəskinləşməsi nəticəsində Eritreyanın ərazi sularına məcburi giriş edib:
"Keçid zamanı Eritreyanın liman qurumları ilə əvvəlcədən əlaqə saxlanılsa da, məlumat vermək mümkün olmadığından, dövlətin 12 millik ərazi sularına giriş olunduqdan sonra bu dövlətin müvafiq qurumu tərəfindən girişin icazəsiz olduğu vurğulanaraq gəmilər saxlanılıb. Gəmilərdə heyət üzvlərindən 18 nəfəri Azərbaycan vətəndaşıdır".
A.Hacızadə bildirib ki, hadisə ilə bağlı ilkin məlumatlar 2024-cü il noyabrın 7-də işçi qaydada Xarici İşlər Nazirliyinə daxil olduqdan sonra məsələ nəzarətə götürülüb:
"Məsələnin həlli, gəmilərin və heyətin sərbəst buraxılması, eləcə də zəruri konsulluq hüquqi yardımların göstərilməsi məqsədilə müvafiq iş davam etdirilir".