"Fransanın Ermənistandakı səfirinin hər hansı bir məsələ ilə bağlı şərh bildirmədən öncə öz ölkəsinə nəzər salması, bu və ya digər məsələlərin onun ölkəsində nə şəkildə həyata keçirildiyinə diqqət yetirməsi yaxşı olardı".
"Report" xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Fransanın Ermənistandakı səfirinin Azərbaycanda Hərbi Qənimətlər Parkının açılışı ilə bağlı “müharibə tamaşa predmeti olmamalıdır” şərhinə münasibət bildirərkən deyib.
"Tarix boyu çoxsaylı müharibələrdən keçən və bu müharibələrlə bağlı kompozisiyaları, səfirin dili ilə desək “tamaşaları” müxtəlif muzeylərdə sərgiləyən Fransa səfiri bizə düşməndən götürülən qənimətlərlə necə davranacağımızımı deyəcək?!", - o qeyd edib.
L.Abdullayeva bildirib ki, Fransa səfirlərinin Ermənistanın məğlubiyyətini “ləyaqətli məğlubiyyət” adlandırması da maraq doğurur: "Bəlkə, Fransa səfirinə görə Ermənistanın 30 ilə yaxın davam edən təcavüzkar siyasəti də “ləyaqətli işğal” olub? Ləyaqətli davranan ölkə, birinci növbədə qonşu ölkənin ərazilərinə iddia ilə çıxış edib, bu ərazilərin bir hissəsini uzun illər işğal altında saxlamaz, bir milyon insanın hüququnu kobudcasına pozmaz, mülki şəxslər də daxil olmaqla, insanları məqsədli şəkildə qətlə yetirməz. Ləyaqətli ölkə, hərbi əməliyyatların dayandırılmasına razılıq verdikdən sonra digər ölkə ərazilərinə terrorçu qrupu göndərməz və mina xəritələrini gizlətməklə insan həyatına təhlükə törətməz. Görünür, Fransa səfirinin ləyaqət anlayışı fərqlidir. Uzun illərdir vasitəçi rolunda çıxış edən bir ölkənin rəsmi nümayəndəsinin verdiyi şərhlərə daha məsuliyyətlə yanaşması gərəkdir".