"Gürcüstan və Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir. İki ölkə birgə bir sıra önəmli iqtisadi layihələr həyata keçirib, mədəniyyət sahəsi də daxil olmaqla bir sıra sektorlarda sıx əməkdaşlıq mövcuddur".
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla görüşdən sonra deyib.
XİN başçısının sözlərinə görə, azərbaycanlı nazirin Gürcüstana səfəri qarşılıqlı əlaqələrin yüksək səviyyədə olduğuni göstərir: "Ölkələr arasında bu gün də münasibətlər uğurla inkişaf edir və bu tempi saxlamaq vacibdir".
D.Zalkaliani deyib ki, Gürcüstan Cənubi Qafqazda daimi sülhün tərəfdarıdır: "Gürcüstan iki qonşu ölkəyə Tbilisini həm dialoq, həm də konkret mədəni layihələrin həyata keçirilməsi üçün platforma kimi təklif edir".
Nazir Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığının yeni səviyyəyə yüksələcəyinə ümidvarlıq ifadə edib.