Gürcüstan Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlı danışıqları dəstəkləyir və regionda təhlükəsizlik və sabitliyin təmin edilməsinə töhfə verməyə hazırdır.
“Report” xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili Azərbaycanın XİN başçısı Ceyhun Bayramovla görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
“Biz sülhə böyük əhəmiyyət veririk və bir-birimizin ərazi bütövlüyünü dəstəkləyirik. Sülh danışıqları (Azərbaycan və Ermənistan arasında – red.) davam etməlidir, öz növbəsində biz də regionda təhlükəsizlik və sabitliyin təmin edilməsinə töhfə verməyə hazırıq”, - İ.Darçiaşvili deyib.
Gürcüstan XİN başçısı qeyd edib ki, azərbaycanlı həmkarı ilə bugünkü görüş ölkələr arasındakı strateji münasibətlərin dərinliyini nümayiş etdirir və bu, gələcəkdə daha da möhkəmlənəcək.
“Əməkdaşlığımız bir çox sahəni əhatə edir. Aramızda yalnız inkişaf edəcək isti və mehriban münasibətlər var. Biz birgə regional layihələr həyata keçirməyə hazırıq”, - İ.Darçiaşvili vurğulayıb.