"Azad edilən ərazilərin mina ilə kütləvi çirklənməsi Azərbaycan hökumətinin başladığı genişmiqyaslı bərpa və yenidənqurma planlarının həyata keçirilməsinə ciddi şəkildə mane olur".
"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov GUAM Xarici İşlər Nazirləri Şurasının 37-ci iclasında çıxışında deyib.
"Ən əsası, bu, yüz minlərlə məcburi köçkünün təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə geri dönmək hüququnun həyata keçirilməsinə təsir göstərir", - nazir bildirib.
C.Bayramov vurğulayıb ki, Azərbaycanın azad edilən ərazilərində bərpa, yenidənqurma və reinteqrasiya işləri sürətlə gedir: "Münaqişədən sonrakı yenidənqurma anlayışımız xalqımızın ehtiyaclarına və prioritetlərinə əsaslanır. Məcburi köçkünlərin ləyaqətli yaşayışı üçün lazım olan siyasi, hüquqi, iqtisadi və sosial şəraitin təmin edilməsi əsas prioritetlərimizdəndir. Azərbaycan etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları ilə eyni hüquq və azadlıqları təmin edərək münaqişədən təsirlənmiş ərazilərdə yaşayan erməni əsilli vətəndaşlarını yenidən öz siyasi, sosial və iqtisadi məkanına reinteqrasiya etmək əzmindədir".