ABŞ Senatındakı dinləmə erməni lobbisini razı salmaq üçün təşkil edilmiş şou idi.
"Report" xəbər verir ki, bu barədə sentyabrın 18-də Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun və xarici işlər nazirinin müavini Fariz Rzayevin iştirakı ilə Xarici İşlər Nazirliyində Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün təşkil olunan brifinqdə bildirilib.
Qeyd olunub ki, ABŞ Senatında bu yaxınlarda keçirilən ictimai dinləmə erməni lobbisini razı salmaq üçün təşkil edilmiş şoudan savayı bir şey deyildi: "Təəssüf ki, Dövlət Departamentinin nümayəndəsi də erməni lobbiçilərinin təşviq etdiyi birtərəfli anti-Azərbaycan bəyanatlarına qoşulub. Gömrük nəzarəti tələbləri də daxil olmaqla Azərbaycan qanunvericiliyinə riayət etməklə Laçın və Ağdam yollarından eyni zamanda keçid məsələsi artıq bir neçə həftədir ki, ABŞ tərəfi ilə müxtəlif səviyyələrdə müzakirə edilib. Bu səbəbdən, indiki çıxılmaz vəziyyətin səbəbi ABŞ tərəfi üçün aydındır. Buna baxmayaraq, ABŞ Senatında verilən ifadə saxta erməni fikirlərini təkrarlayıb".
Vurğulanıb ki, iyulun 15-də liderlərin Brüssel görüşündə və sentyabrın 1-də Azərbaycan Respublikası Prezidenti ilə ABŞ dövlət katibi arasında telefon danışığında müzakirə edildiyi kimi, Azərbaycan həmişə hər iki yolun ardıcıl və paralel istifadəsini asanlaşdırmağa hazır olub: "Lakin bir neçə aydır ki, erməni tərəfinin həllə biganəliyi, humanitar yardımın davamlı siyasiləşdirilməsi, separatizm və ayrılmaya rəvac verməsi səbəbindən baş tutmayıb. Digər səbəb isə Azərbaycanı tamamilə əsassız olan qondarma humanitar böhran yaratmaqda ittiham etmək idi. Təəssüf ki, bəzi ölkələrin siyasi dairələrinin bəzi üzvləri özlərini bu saxta ittihamlarla əlaqələndiriblər".