Yuxarı

​XİN rəhbəri: "Ermənistan BMT-nin qətnamələrini kobud şəkildə rədd edir"

Azərbaycan torpaqlarının 20 faizi hələ də işğal altındadır

Bakı. 10 sentyabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, nazir çıxışı zamanı Türk Şurası çərçivəsində təhlükəsizlik çağırışları, iqtisadi imtiyazlar və humanitar əməkdaşlıq əlaqələrinə toxunub.

Davamlı inkişaf və tərəqqi əldə etmək üçün sülh və stabilliyə daha çox ehtiyac duyulduğunu diqqətə çatdıran nazir, Azərbaycanın regional təhlükəsizlik və terrorçuluğa qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığa öz töhfələrini verdiyini bildirib.

"Biz nəinki regionumuzda, hətta bunun hüdudlarından kənarda belə sülhün, sabitliyin əmin-amanlığın möhkəmləndirilməsi üçün bütün güclərimizi səfərbər edirik.

Təşkilatımızın iki üzvü - Azərbaycan və Türkiyə son illər hərbi əlaqələri gücləndirib, hər iki ölkədə tez-tez və daha geniş hərbi təlimlər keçirilib. Azərbaycan və Türkiyə arasında belə artan hərbi əlaqələr döyüş hazırlığını və bacarığını inkişaf etdirəcək, eləcə də qarşılıqlı fəaliyyətin təşkili hər iki ölkəyə strateji, lakin həssas Qafqaz regionunda daha çox çeviklik verəcək.

Bütün dünyada cərəyan edən son hadisələr bir daha sübut etdi ki, sülhü və sabitliyi möhkəmləndirməyin əsas sütunları dövlətlər tərəfindən hər birinin suverenliyinə, ərazi bütövlüyünə hörmət və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, o cümlədən təcavüz siyasətindən çəkinməkdir. Buna baxmayaraq, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü erməni işğalının nəticəsi kimi 20 ildən çoxdur ki pozulub. Azərbaycan torpaqlarının 20 faizi hələ də işğal altındadır. Ermənistan tərəfindən yerli əhalimizə qarşı etnik təmizləmə siyasəti aparılmış və demək olar ki, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün olub. Əsas ənənəvi insan hüquqları da daxil olmaqla, bütün beynəlxalq norma və prinsiplər həyasızcasına pozulub. Hələ də Ermənistan BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi Azərbaycan torpaqlarından Ermənistanın işğalçı qüvvələrinin dərhal, qeyd-şərtsiz və tam çıxarılmasına dair dörd qətnaməsinə kobud şəkildə rədd edir", - deyə E.Məmmədyarov vurğulayıb.

Türk Şurası çərçivəsində iqtisadi sahədə əməkdaşlığa toxunan XİN rəhbəri, ölkələrimizin yerləşdiyi coğrafiyanın rəqabətədavamlı tranzit ölkə potensialından istifadə üçün əlverişli imkanlar yaratdığını qeyd edib.

"Biz inanırıq ki, coğrafiyamızdakı nəqliyyat infrastrukturu, daha da önəmlisi, qarşılıqlı əlaqə və infrastruktur əməkdaşlığın ən əhəmiyyətli sahələrindən biri kimi qalmalıdır. Avrasiya boyunca sərnişin və yük daşımalarına artan tələbat Şərq-Qərb nəqliyyat dəhlizini (xüsusilə bu dəhlizin Trans-Xəzər hissəsini) möhkəmləndirməyi labüd edir. Şübhəsiz, bu, əcdadlarımızdan bizə ötürülən tarixi İpək Yolunun bərpa edilməsinə kömək edəcək. Limanlarımızın maddi-texniki göstəricilərinin təkmilləşdirilməsi, nəqliyyat sisteminin sadələşdirilməsi siyasətinin təşviqi, multimodal yükdaşımaların keyfiyyətinin artırılması olduqca vacibdir. Gələn il üçün inşasının başa çatdırılması nəzərdə tutulan Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin istifadəyə verilməsi Çindən Avropaya və əksinə rəqabətədavamlı, etibarlı və vaxt baxımından qənaətli sərnişin və yük daşımalarının reallaşdırılmasına yol açacaq və ölkələrimizin geniş tranzit potensialını nümayiş etdirəcək və iqtisadiyyatımız üçün stabil gəlir mənbəyi yaradacaq. Bu məqsədlə, Türk Şurası çərçivəsində keçirilən əlaqədar nazirlik və qurumların müntəzəm görüşlərini və yuxarıda qeyd olunan nəqliyyat dəhlizinin imkanlarının artırılmasına xidmət edəcək təklifləri dəstəkləyirik", - deyə nazir vurğulayıb.

Onun sözlərinə görə, məlum olduğu kimi, Azərbaycan hər zaman Xəzər dənizinin enerji resurslarının Qərb bazarlarına nəqli üçün öz infrastrukturunu təklif edib:

"Bu gün Azərbaycan həm də Cənubi Qaz Dəhlizi kimi transregional əhəmiyyətli, genişmiqyaslı enerji layihələrinin təşəbbüskarı və icraçısı kimi önəmli rol oynayır. Cənubi Qaz Dəhlizinin mühüm tərkib hissəsi olan Cənubi Qafqaz boru xəttinin genişləndirilməsi və TANAP və TAP boru kəmərlərinin inşası plana uyğun şəkildə həyata keçirilir. Bu, nəhəng Şah Dəniz qaz yatağını Gürcüstan və Türkiyədən keçməklə Avropaya birləşdirəcək.

Bundan başqa, üzv dövlətlər arasında informasiya-kommunikasiya texnologiyaları, bərpa olunan enerji, orta və kiçik sahibkarlığın inkişafı və özəl sektor sahəsində əməkdaşlıq təşəbbüslərini dəstəkləyirik. Mən həmçinin, turizm sahəsində tərəfdaşlığın və bu sahədə yeni sərmayə yatırımı imkanlarının öyrənilməsinin əhəmiyyətini xüsusi qeyd etmək istərdim".

E.Məmmədyarov bildirib ki, humanitar sahədə əməkdaşlıq tərəfdaşlığımızın əsas sahələrindən biridir:

"Bu sahədə yarandığı ilk gündən etibarən türk xalqları mədəniyyətinin təbliğində mühüm rol oynayan TÜRKSOY-un fəaliyyətini yüksək qiymətləndiririk. 2012-ci ildə yaradılmış Türk Akademiyası və Türk Mədəniyyəti İrsi Fondunun tez bir zamanda müvafiq prosedurları tamamlayaraq beynəlxalq təşkilat kimi fəaliyyətinin çox vacib olduğunu düşünürəm. Təhsil sahəsində nazir və işçi qruplarının mütəmadi görüşləri bu istiqamətdə ortaq layihələrin həyata keçirilməsinə imkan yaradacaqdır. Türk tarixinə dair müştərək kitabının hazırlanması, universitetlərarası assosiasiya, tələbə-müəllim mübadiləsi proqramları kimi layihələr bu sahədə əməkdaşlığımızın inkişafına təkan verəcəkdir. Türk Şurası çərçivəsində fəaliyyətimizin digər perspektivli sahəsi idman və gənclər ola bilər.

Qlobal informasiya məkanının hər keçən gün genişlənməsi və onun güclü təbliğat fəaliyyəti mexanizmi kimi istifadə edilməsini nəzərə alaraq, bu ilki Zirvə Görüşünün “media və informasiya sahəsində əməkdaşlıq” adı altında keçirilməsi günümüzün tələblərinə cavab verir. Biz bu sahədə əməkdaşlığı yüksək qiymətləndiririk və bu yaxınlarda üzv dövlətlərin media və informasiya qurumları rəhbərlərinin Astanada keçirilmiş birinci görüşü zamanı qəbul edilmiş qətnamələri dəstəkləyirik".

Onun sözlərinə görə, beynəlxalq təşkilatlar, xüsusilə Birləşmiş Millətlər Təşkilatı çərçivəsində üzv dövlətlərin namizədliklərinin koordinasiya və qarşılıqlı şəkildə dəstəklənməsi və ortaq mövqe nümayişi istiqamətində əməkdaşlığı davam etdirmək vacibdir.

"Biz Türk Şurasının BMT və İƏT-də müşahidəçi statusu əldə etməsi istiqamətində səylərimizi gücləndirməliyik. Digər tərəfdən, Şuranın İƏT, ATƏT, BMT-nin ixtisaslaşmış qurumları olan Ümumdünya Turizm Təşkilatı, BMT İnkişaf Proqramı ilə əməkdaşlığı təqdirəlayiqdir", - deyə o çıxışını yekunlaşdırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi