Bakı. 20 may. REPORT.AZ/ Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) cəbhə bölgəsində Azərbaycan hərbçisinin şəhid olmasına münasibət bildirib.
“Report” xəbər verir ki, XİN-nin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanı işğalçılıq siyasətini davam etdirməkdə günahlandırıb:
"Müdafiə nazirliyi tərəfindən məlumat verildiyi kimi, Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan sahəsində Silahlı qüvvələrimizin hərbi qulluqçusu həlak olub. Həlak olmuş hərbi qulluqçunun ailəsinə dərin hüznlə baş sağlığı veririk.
Münaqişənin həlli üçün ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşmək əvəzinə Azərbaycanın işğal olunmuş ərazilərinə və Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsinə səfər edən Ermənistanın xarici işlər naziri vəziyyətin gərginləşməsini və təxribatların baş verməsini təşviq edir. Bu bir daha onu göstərir ki, Ermənistanın münaqişənin "yalnız sülh yolu ilə həlli" barədə açıqlamaları işğalçılıq siyasətini gizlətməkdən başqa bir şey deyildir və cəfəngiyyatdır.
Qəti şəkildə bildiririk ki, yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür".