XİN başçısı: "Strateji tərəfdaşlığa dair Aİ ilə Azərbaycan arasında sazişin imzalanması hərtərəfli əməkdaşlıq üçün zəmin yaradacaq"

XİN başçısı: "Strateji tərəfdaşlığa dair Aİ ilə Azərbaycan arasında sazişin imzalanması hərtərəfli əməkdaşlıq üçün zəmin yaradacaq" Elmar Məmmədyarov Polşa XİN başçısı ilə görüşüb
Xarici siyasət
9 Dekabr , 2016 10:30
XİN başçısı: Strateji tərəfdaşlığa dair Aİ ilə Azərbaycan arasında sazişin imzalanması hərtərəfli əməkdaşlıq üçün zəmin yaradacaq

Bakı. 9 dekabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT Nazirlər Şurasının 23-cü iclası çərçivəsində Polşa Respublikasının xarici işlər naziri Vitold Vaşçikovski ilə görüşüb.

Azərbaycan XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycan və Polşa arasında ikitərəfli münasibətlərin hazırkı durumundan məmnunluq ifadə olunub, xüsusilə iqtisadi-ticarət sahəsində əməkdaşlığın genişləndirilməsi yollarına dair fikir mübadiləsi aparılıb. Yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın inkişafına töhfə verdiyi qeyd olunub.

Nazir Elmar Məmmədyarov Polşanı Azərbaycan üçün vacib və etibarlı tərəfdaş adlandırıb və ölkəmizin ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.

Nazir Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəqliyyat layihələri, xüsusən Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin iqtisadi faydalılığı və gələcək perspektivlərindən söz açıb və Polşanın da bu marşrutların imkanlarından faydalana biləcəyini diqqətə çatdırıb.

Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri də müzakirə olunub.

Azərbaycan ilə strateji tərəfdaşlığa dair sazişin hazırlanması üçün Avropa İttifaqı Şurası tərəfindən verilən mandatın təqdir edildiyini deyən Elmar Məmmədyarov, sözügedən sazişin imzalanmasının Azərbaycan və Aİ arasında hərtərəfli tərəfdaşlığın inkişafı üçün mühüm zəmin yaradacağına əminlik ifadə edib.

Vitold Vaşçikovski Polşanın ikitərəfli və çoxtərəfli əsasda Azərbaycan ilə hərtərəfli əməkdaşlığı daha da inkişaf etdirmək niyyətində olduğunu diqqətə çatdırıb.

Görüş əsnasında Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında həmsöhbətə məlumat verib.

Son xəbərlər

Orphus sistemi