Yuxarı

​XİN: Azərbaycan və Gürcüstan bir-birilərinin ərazi bütövlüyünü dəstəkləyir

Nazir Elmar Məmmədyarov Gürcüstanın xarici işlər naziri Tamar Beruçaşvili ilə görüşüb

Bakı. 19 fevral. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstana rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Tamar Beruçaşvili ilə görüşüb. Bu barədə “Report”a Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.

Görüşdə iki ölkə arasında siyasi, iqtisadi, enerji, nəqliyyat, turizm, humanitar və digər sahələrdə əməkdaşlığın uğurla inkişaf etməsi məmnunluqla qeyd olunub.

Nazir Elmar Məmmədyarov Azərbaycan və Gürcüstanın strateji tərəfdaşlar olduğunu qeyd edərək, bu əməkdaşlığın hər iki ölkənin müstəqilliyinin möhkəmləndirilməsi və inkişafı baxımdan xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Elmar Məmmədyarov Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars kimi enerji və nəqliyyat layihələrinin Azərbaycan və Gürcüstanla bərabər, regionun inkişafı üçün də zəmin yaratdığını bildirib. O, Azərbaycana qarşı yürütdüyü işğal və təcavüz siyasətinə görə Ermənistanın bu layihələrdə iştirakdan kənar qaldığını və regional əməkdaşlıqdan bəhrələnə bilmədiyini qeyd edib.

Tamar Beruçaşvili bu səfərin iki ölkə arasında əlaqələrin inkişafı baxımdan əhəmiyyətli olduğunu qeyd edərək, Azərbaycan və Gürcüstan arasında olan əməkdaşlığın strateji xarakter daşıdığını bildirib. İrimiqyaslı enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi istiqamətində iki ölkə arasında olan əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini deyən Tamar Beruçaşvili bu layihələrin Azərbaycan və Gürcüstanın və regionun inkişafı üçün vacib olduğunu qeyd edib.

Görüşdə Azərbaycan və Gürcüstanın bir-birilərinin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəklədikləri vurğulanıb.

Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçirib.

Qeyd edək ki, nazir Elmar Məmmədyarov və nümayəndə heyəti Gürcüstana rəsmi səfər çərçivəsində paytaxt Tbilisidə yerləşən Heydər Əliyev parkını ziyarət edib, ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoyub və ulu öndərin əziz xatirəsini hörmət və ehtiramla yad ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi