Yuxarı

XİN: "Almaniya Bundestaqının qətnaməsində əksini tapmış ittihamların heç bir əsası yoxdur"

Belə bir qətnamənin qəbulu iki ölkə arasındakı dostluq münasibətlərinin ruhuna uyğun deyil və ikitərəfli münasibətlərin gərginləşməsinə xidmət edir

Bakı. 13 iyun. REPORT.AZ/ Xarici İşlər Nazirliyi Almaniya Bundestaqında CDU/CSU (Xristian Demokratlar və Xristian Sosialistlər İttifaqı) və SPD (Sosial Demokratlar Partiyası) fraksiyalarının təşəbbüsü ilə qəbul olunan “Azərbaycanda insan hüquqlarının qorunmasını tələb etmək“ adlı qətnaməyə münasibət bildirib. 

"Report" XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycanın Almaniyadakı səfirliyi artıq bu məsələ ilə əlaqədar mövqe bildirib: "Bir daha qeyd etmək istərdik ki, belə bir qətnamənin qəbulu Almaniya və Azərbaycan arasındakı dostluq münasibətlərinin ruhuna uyğun deyil və ikitərəfli münasibətlərin gərginləşməsinə xidmət edir. Hər bir hüquqi dövlətdə olduğu kimi, Azərbaycanda da istintaq və məhkəmə prosesinə təzyiq etmək qəbuledilməzdir". 

XİN bəyan edib ki, Azərbaycanda heç bir şəxs öz jurnalist və ya siyasi fəaliyyətinə görə həbs olunmur. Açıqlamada bildirilib ki, Almaniya Bundestaqında qəbul olunan qətnamədə əksini tapmış ittihamların heç bir əsası yoxdur: "Hesab edirik ki, bu, Azərbaycanın nüfuzuna xələl yetirmək məqsədi güdən qrupların və ya digər dövlətlərin qərəzli şəkildə təqdim etdiyi yanlış məlumatlardan qaynaqlanır.

Qətnamədə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi, Ermənistan tərəfindən aparılmış etnik təmizləmə nəticəsində işğal edilmiş ərazilərdən, həmçinin Ermənistandan didərgin salınmış qaçqın və məcburi köçkünlər barədə məlumat qeyd olunsa da, təəssüflə qeyd etmək lazımdır ki, ən bəsit konvension hüquqları kobud şəkildə pozulmuş bu insanların hüquqlarının müdafiəsi və Ermənistan tərəfinin bu əməllərinə görə məsuliyyəti barədə heç bir çağırış və ya tələb əks olunmur".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi