Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Polşada səfərdə olub.
Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, fevralın 21-22-də Azərbaycan ilə Polşa arasında diplomatik əlaqələrin yaradılmasının 30 illiyinə həsr edilən "dəyirmi masa" və strateji dialoq üzrə məsləhətləşmələr keçirilib. X.Xələfov tədbirlərdə iştirak edib.
X.Xələfov və Polşa xarici işlər nazirinin müavini Marçin Pşıdaç Azərbaycan və Polşa arasında diplomatik əlaqələrin yaradılmasının 30 illiyinə həsr edilən, Polşanın Şərq Araşdırmalar Mərkəzi və Azərbaycanın Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən "dəyirmi masa"da iştirak ediblər.
Tədbirdə çıxış edən X.Xələfov Azərbaycan-Polşa münasibətlərinin 550 illik qədim tarixi, bu günü və perspektivlərindən, Azərbaycan dövlətçilik tarixində, inkişafında və şəhərsalmada tanınmış polyakların xidmətlərindən danışmış, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin xüsusi rolunu qeyd edib. Tədbirdə Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünə həsr edilmiş poçt açıqcasının Polşa Poçtunun rəsmilərinin iştirakı ilə rəsmi təqdimatı baş tutub.
Tədbirin ardınca Polşa XİN-də X.Xələfov və M.Pşıdaçın rəhbərlik etdikləri nümayəndə heyətləri iki ölkə arasında strateji dialoq üzrə məsləhətləşmələr aparılıb. Məsləhətləşmələr zamanı, Azərbaycan ilə Polşa arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibəti ilə Azərbaycan və Polşa xarici işlər nazirlərinin təbrik məktublarının mübadiləsi həyata keçirilib, ölkələrimiz arasında münasibətlərin bütün sahələrində, o cümlədən siyasi, mədəni, humanitar sahələrdə münasibətlərin durumundan razılıq ifadə edilib, iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi, beynəlxalq təşkilatlar daxilində əməkdaşlıq məsələləri və digər sahələrdə əməkdaşlığın inkişaf və perspektivləri müzakirə edilib.
Məsləhətləşmələrin davamı olaraq nazir müavini X.Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti Polşa Prezidentinin katibliyinin dövlət katibi, Beynəlxalq Siyasət Bürosunun rəhbəri Yakub Kumox ilə görüş keçirib. Görüşdə Azərbaycan və Polşa arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibəti ilə Azərbaycan və Polşa Prezidentlərinin təbrik məktublarının mübadiləsi baş tutub, ölkələrimiz, xüsusilə ölkələrimizin rəhbərləri arasında səmimi dostluq münasibətlərindən məmnunluq ifadə edilib.
X.Xələfovun, həmçinin Polşa Senatının vitse-marşaleki Boqdan Boruseviç və Polşa Seyminin vitse-marşaleki Rışard Terletski ilə, Polşa infrastruktur nazirinin müavini Andzej Bittel və Polşa inkişaf və texnologiya nazirinin müavini, Azərbaycan ilə Polşa arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın polşalı həmsədri Qjeqoj Pexoviak ilə ayrı-ayrılıqda görüşləri keçirilib.