Yuxarı

Xarkovda 20 Yanvar şəhidləri bir dəqiqəlik sükutla yad edilib

Ukraynada  20 Yanvar faciəsinin 25 illiyi anılıb

Bakı. 20 yanvar. REPORT.AZ/ Ukraynanın Xarkov şəhərində azərbaycanlı və yerli diplomatların, iş adamlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə 20 Yanvar faciəsinin 25 illiyi anılıb. Azərbaycanın Xarkovdakı fəxri konsulluğundan "Report"a verilən məlumatına görə, Xarkov Vilayət Dövlət administrasiyası rəsmilərinin, diplomatların və diaspora fəallarının qatıldığı tədbirdə Azərbaycanın dövlət müstəqilliyi uğrunda şəhid olanların xatirəsi  bir dəqiqəlik sükutla yad edilib.

Anım mərasiminə qatılanlar öncə Azərbaycan Televiziyasının hazırladığı "Qanlı Yanvar" sənədli filminə baxmaqla 25 il bundan öncə totalitar sovet hakimiyyətinin Azərbaycanda həyata keçirdiyi amansız qətliamlarla tanış olublar. 

Mərasimdə çıxış edən Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov 25 il bundan öncə müasir silahlarla yaraqlanmış 30 mindən çox sovet qoşunlarının Azərbaycanda hərbi siyasi cinayət törətdiyini diqqətə çatdırıb. O, bu gün Azərbaycanın 20 faiz torpaqlarının erməni işğalı altında olduğunu diqqətə çatdıraraq, Prezident İlham Əliyevin əmrinə əsasən qüdrətli Azərbaycan ordusunun qısa bir zamanda torpaqlarımızı düşmən tapdağından azad etməyə hazır olduğunu vurğulayıb. Tədbirdə Xarkov vilayət Dövlət Administrasiyası başçısının müavini Yevgeni Şaxnenko, Xarkov vilayət deputatlar şurasının sədr müavini Lyudmila Davıdova və digər rəsmi şəxslər çıxış edərək, tarix boyu dövlət müstəqilliyi uğrunda mübarizə aparan Azərbaycan və Ukrayna xalqlarının böyük məşəqqətlərə məruz qaldıqlarını bildiriblər. Hər iki xalqın müstəqillik və azadlıq yolunda çoxsaylı qurban verdiklərini qeyd edən dövlət rəsmiləri 25 il bundan öncə qanları bahasına dövlət müstəqilliyini qoruyub-saxlayan Azərbaycan xalqına güc və müdriklik, işğal altında olan torpaqlarının tez bir zamanda geriyə qaytarılmasını arzulayıblar. Mərasimdə Azərbaycan xalqının şan və şərəf tarixi olan 20 yanvar hadisələrinin dünya durduqca qəhrəmanlıq təcəssümü kimi xatırlanacağı bildirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi