Yuxarı
    Bağlamaq

    Xarici işlər nazirinin müavini BMT-ni Azərbaycan qaçqınların pozulan hüquqlarını bərpa etməyə çağırıb

    Mahmud Məmməd-Quliyev Cenevrəyə səfər edib

    Bakı. 2 mart. REPORT.AZ/ Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) 34-cü sessiyası keçirilib.

    Azərbaycan XİN mətbuat xidmətindən "Report"a verilən məlumata görə, 27 fevral - 1 mart tarixlərində keçirilmiş Yüksək Səviyyəli Seqmentində BMT-nin baş katibi Antonio Quterreş, BMT Baş Assambleyasının prezidenti Piter Tomson və BMT-nin insan hüquqları üzrə ali komissarı Zeyd Raad Əl-Hüseyn ilə yanaşı BMT üzv-dövlətlərinin və beynəlxalq təşkilatların yüzdən artıq yüksək səviyyəli nümayəndəsi çıxış edib.

    Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev fevralın 28-də Yüksək Səviyyəli Seqmentdə çıxışında nazir müavini ölkəmizdə son zamanlar insan hüquqları və əsas azadlıqlarının, demokratiya və qanunun aliliyinin müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər barədə geniş məlumat verib. Bu xüsusda, o, ölkəmizdə vətəndaş cəmiyyəti təsisatlarının fəaliyyətini dəstəkləmək məqsədilə bu ilin yanvar ayında tətbiqinə başlanmış xarici donorlar tərəfindən Azərbaycanda qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipinin tətbiqi haqqında Azərbaycan prezidentinin fərmanini qeyd edib, ölkəmizdə penitensiar müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi barədə Azərbaycan prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncami haqqında sessiya iştirakçılarına məlumat verib.

    Nazir müavini ölkəmizin BMT-nin İHŞ və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı ilə fəal əməkdaşlıq etdiyini diqqətə çatdırıb, İHŞ-nin xüsusi nümayəndələri və məruzəçilərinə Azərbaycana səfər etmək məqsədilə daimi dəvətnamənin verilməsinin insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində ölkəmizin BMT qurumları ilə konstruktiv əməkdaşlıq etdiyinin bariz nümunəsi olduğunu bildirib. O, eyni zamanda 2016-cı ilin sentyabrında ölkəmizə səfər edən BMT-nin insan hüquqları müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisinin hesabatına toxunaraq, həmin hesabatın Azərbaycan və BMT-nin insan hüquqları qurumları arasında mövcud olan əməkdaşlıq ruhunu əks etdirmədiyini, tarazsız və birtərəfli olduğunu təəssüflə vurğulayıb.

    Ermənistan-Azərbaycan münaqişəsinə toxunan M.Məmməd-Quliyev Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizin ərazisinin 20% işğal edildiyini, bir milyondan artıq azərbaycanlının məcburi köçkün və qaçqın vəziyyətinə düşdüyünü və onların əsas insan hüquqlarının Ermənistan tərəfindən kütləvi şəkildə pozulduğunu bildirib. Nazir müavini həmçinin, iki gün əvvəl Azərbaycanda 25-ci ildönümü dərin hüznlə qeyd olunmuş Xocalı soyqırımının 1992-ci ilin fevral ayında Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinin əhalisinə qarşı törədildiyini və bu vəhşiliyi törədən cinayətkarların hələ də cinayət məsuliyyətinə cəlb olunmadığını sessiya iştirakçılarının nəzərinə çatdırıb. Bununla bağlı M.Məmməd-Quliyev BMT-nin İHŞ-ni və BMT-nin insan hüquqları üzrə alı komissarını azərbaycanlı məcburi köçkün və qaçqınların pozulan hüquqlarının bərpa olunmasında səylərini artırmağa çağırıb.

    Səfər çərçivəsində M.Məmməd-Quliyev Cenevrədə yerləşən Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer ilə görüşüb. Görüşdə Azərbaycan ilə BQXK arasındakı münasibətlərin hazırkı vəziyyəti və gələcəyi barədə fikir mübadiləsi aparılmış, tərəflər arasında mövcud olan uğurlu əməkdaşlığın gələcəkdə daha da gücləndirilməsinə ümid ifadə edilib. M.Məmməd-Quliyev BQXK-nın humanitar sahədə Azərbaycanın əsas tərəfdaşı olduğunu qeyd edərək, Dağlıq Qarabağ münaqişəsi kontekstində BQXK-nın fəaliyyətinin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini P.Maurerin diqqətinə çatdırıb, bu xüsusda Ermənistan tərəfindən qətlə yetirilmiş Azərbaycan əsgərlərinin cəsədlərinin qaytarılmasında BQXK-nın vasitəçiliyi xüsusi ilə qeyd olunub. BQXK-nın prezidenti təmsil etdiyi təşkilatın Azərbaycanla əməkdaşlığını yüksək qiymətləndirdiyini bildirərək, əlaqələrin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə ümidvar olduğunu vurğulayıb.

    Səfər zamanı M.Məmməd-Quliyev Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Federasiyasının (BQXQAF) baş katibinin müavini Cemila Mahmud ilə görüşüb. Görüşdə Azərbaycan və BQXQAF arasında müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsinin perspektivləri və mümkün birgə layihələr barədə fikir mübadiləsi aparılıb, Ermənistanın hərbi təcavüzü nəticəsində öz daimi yaşayış yerindən məhrum olaraq məcburi köçkün düşmüş azərbaycanlıların vəziyyəti, onların öz doğma torpaqlarına qayıtması məsələsinin beynəlxalq təşkilatların gündəmində saxlanılmasının vacibliyi vurğulanıb.

    Səfər müddətində nazir müavini həmçinin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) baş direktoru Frensis Qarri ilə görüşüb. Görüşdə ÜƏMT ilə Azərbaycan arasında əməkdaşlığın hazırkı vəziyyəti müzakirə edilib və əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan Hökuməti ilə ÜƏMT arasındakı Əməkdaşlıq üzrə Anlaşma Memorandumunun uğurla həyata keçirildiyini qeyd edən nazir müavini ölkəmizdə müasir patent sisteminin inkişafına ÜƏMT-in töhfələrinə görə təşkilatın rəhbərinə minnətdarlığını bildirib. F.Qarri Azərbaycanın ÜƏMT-in işində fəal iştirakını məmnunluq hissi ilə qeyd edib və qarşılıqlı əməkdaşlığın daha da geniş şəkildə davam edəcəyinə ümidvar olduğunu bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi