"2022-ci il ərzində 69 dövlət Azərbaycan ilə diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edib".
"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycan hər zaman digər dövlətlərlə ikitərəfli münasibətlərin inkişafına xüsusi diqqət yetirir.
Xüsusilə, Azərbaycan və Türkiyə arasında münasibətlər bu il də fəal inkişaf etməkdə davam edib. Xarici işlər nazirinin sözlərinə görə, 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi rəsmi Bakı ilə Ankara arasında əməkdaşlığı daha da gücləndirməyə imkan verib.
"Bu il ərzində Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə üç dəfə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə iki dəfə Azərbaycana səfər edib", - nazir bildirib.