Latviyanın Azərbaycanla xüsusi münasibəti var və Bakı Forumunda ölkənin beş keçmiş prezidentinin iştirak etməsi də bunun sübutudur.
Bunu "Report"a açıqlamasında Latviyanın keçmiş Prezidenti Valdis Zatlers deyib.
Sabiq prezident vurğulayıb ki, Latviyanın Azərbaycana olan xüsusi münasibəti belə də davam edəcək:
"Çünki biz onilliklər ərzində çox çalışmışıq, biz yaratdığımız dostluq münasibətlərini itirmək fikrində deyilik".
Qlobal iqlim dəyişiklikləri ilə mübarizə çərçivəsində Latviya-Azərbaycan əməkdaşlığı məsələsinə gəldikdə isə V.Zatlers belə bir əməkdaşlıq imkanının mövcud olduğunu deyib:
“Bu, qlobal problemdir və qlobal həllə və qlobal əməkdaşlığa ehtiyac duyulur. Biz COP29-u səbirsizliklə gözləyirik və bu forum COP29-a hazırlığı dəstəkləyəcək və biz tam əminik ki, bu, uğur hekayəsi olacaq, çünki Azərbaycanın bu cür forumların təşkili və müzakirələr üçün açıq mühitin yaradılması sahəsində çox yaxşı təcrübəsi var”.
O, Qlobal Bakı Forumunun da yüksək səviyyədə keçirildiyini söyləyib:
“Qlobal Bakı Forumunun ilk günü bu forumun çox uğurlu olmasına böyük sübutdur. Forumun ilk dəqiqəsindən müzakirələr çox canlıdır, bilirsiniz, müxtəlif insanların müxtəlif rakurslarından və parçalanmış dünyanı necə düzəltmək barədə fikirləri bir yerə toplayır”.