“Xüsusilə Azərbaycan əhalisinin sayını nəzərə alsaq, Azərbaycanda mina partlayışları nəticəsində ölənlərin sayının kifayət qədər çox olduğunu söyləyə bilərik”.
“Report” xəbər verir ki, bunu Bakıda “Mina təhlükəsi ilə mübarizə - dayanıqlı inkişafa gedən yol” mövzusunda keçirilən beynəlxalq humanitar konfransda iştirak edən UNICEF-in minatəmizləmə üzrə koordinatoru Hyuq Loranj jurnalistlərə açıqlamasında deyib.
O, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə əməkdaşlıqdan danışıb.
“Azərbaycanda minaların insan itkisi olmadan təmizlənməsi çox vacibdir. Lakin bunun üçün lazımi qədər sərmayə qoymaq lazımdır. Bundan başqa, hər bir vətəndaş minaların yaratdığı təhlükə və risklərdən xəbərdar olmalıdır. Üstəlik, təhsil vasitəsilə sülhün bərqərar olmasına töhfə vermək lazımdır”, - H.Loranj bildirib.
Qeyd edək ki, Azərbaycan dünyada minalar və partlamamış hərbi sursatlar ilə ən çox çirklənmiş ölkələr sırasındadır – işğal dövründə bu ərazilərdə təxminən 1,5 milyondan artıq mina basdırılıb. Ümumilikdə Ermənistanın hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3400-ə yaxın Azərbaycan vətəndaşı minalardan zərər çəkib, onlardan 587-si həyatını itirib. 44 günlük müharibədən sonra bu günə qədər 302 nəfər Azərbaycan vətəndaşı mina qurbanı olub (57-i həlak olub, 245-i yaralanıb). Münaqişə bitdikdən sonra belə Ermənistan Laçın yolundan istifadə edərək Azərbaycan ərazilərinə minalar qoymağa davam edib, 44 günlük müharibədən sonra ərazimizdə 2021-ci il Ermənistan istehsalı olan 2700-dən çox piyada əleyhinə mina aşkarlanıb.
Humanitar minatəmizləmə Azərbaycan dövlət siyasətinin əsas prioritetlərindən biridir. Bu gün Azərbaycanda minatəmizləmə fəaliyyəti dünyada mövcud olan ən müasir və qabaqcıl texnologiyalardan istifadə etməklə həyata keçirilir. Minatəmizləmə fəaliyyətimizin 90 faizindən çoxu ölkəmizin daxili resursları hesabına aparılır, xaricdən gələn dəstəyin həcmi hələ ki, çox məhduddur.
“Mina təhlükəsi ilə mübarizə – dayanıqlı inkişafa gedən yol” mövzusunda beynəlxalq konfrans çərçivəsində aparılan müzakirələr minatəmizləmə sahəsində birgə səylərin səfərbər olunmasına və qlobal səviyyədə problemin həlli istiqamətində yeni ideya və təşəbbüslərin irəli sürülməsinə töhfə verir.
Konfransın ilk günü mayın 25-də Ağdamda keçirilib. Qonaqlar panel müzakirələrdə iştirak ediblər. Onlar Ağdama səfər çərçivəsində bərpa-quruculuq planları ilə tanış olublar.
İkinci beynəlxalq humanitar minatəmizləmə konfransında 51 ölkəni təmsil edən 190-a yaxın rəsmi şəxslər - sabiq dövlət və hökumət başçıları, bir sıra ölkələrin parlament üzvləri, BMT baş ofisinin rəhbər heyəti, nüfuzlu beynəlxalq təşkilatların, minatəmizləmə sahəsində fəaliyyət göstərən qurumların, eləcə də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri iştirak edirlər.