Müxtəlif dünya gücləri Ermənistanla Azərbaycan arasında sülhə mane olurlar.
"Report" xəbər verir ki, bunu Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev sentyabrın 30-da "Vətəndaş cəmiyyəti milli-mənəvi dəyərlərə yönəlmiş ideoloji hücumlara qarşı" mübarizə mövzusunda Bakıda keçirilən dəyirmi masa çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O xatırladıb ki, Azərbaycan öz torpaqlarında separatçı rejimin varlığına son qoyub: "Ermənistan isə hələ sülh sazişini imzalamaq istəmir. Əksinə, bu dövlət silahlandırılır. Müxtəlif dövlətlər Ermənistanla birlikdə hərbi təlim keçirlər. Verilən mesajlardan aydın olur ki, bəzi güclər regionda sülh istəmir".
U.Mirzəyevin sözlərinə görə, Azərbaycana qarşı ideoloji təzyiqlər də bunun təzahürüdür: "Belə təzyiqlərə qarşı mübarizədə media ilə yanaşı, vətəndaş cəmiyyəti də mühüm rol oynamalıdır. Biz ədalətli sülhə nail olmalıyıq".