Bu gün Ukraynanın ilk Fəxri konsulluğu qonaqpərvər Şamaxı şəhərində fəaliyyətə başlayıb.
"Report" xəbər verir ki, Ukraynanın fəxri konsulluğunun təntənəli açılış mərasimi zamanı Ukraynanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vladyslav Kanevskyi bundan sonra Ukraynanın bir hissəsinin qədim və əzəmətli Şamaxı şəhərində olacağına görə dövlət rəhbərliyinə, eləcə də Şamaxı Rayon İcra Hakimiyyətinə təşəkkür edib.
Ukraynanın diplomatik missiyasının rəhbəri bugünkü əlamətdar hadisənin xüsusi məna və simvolizmlə dolu olduğunu vurğulayıb və bütün Azərbaycan xalqını mühüm dövlət bayramı münasibətilə təbrik edib, ölkənin qarşısında duran bütün çətinliklərin öhdəsindən gəlməyi, eləcə də sülh, firavanlıq və çiçəklənmə arzu edib.
Səfir qeyd edib ki, Ukrayna bu gün vətəninin suverenliyini və ərazi bütövlüyünü müdafiə edən qardaş Azərbaycan xalqının hisslərini hamıdan yaxşı başa düşür. Bu dövrdə həm Ukrayna, həm Azərbaycan xalqı öz torpaqlarında, evlərində dinc yaşamaq, gələcək üçün planlar qurmaq və sülh səma altında çalışmaq üçün ağır sınaq qarşısındadır - Vətənə sədaqət və sevgi sınağı qarşısında.
Ukraynanın qardaş Azərbaycan xalqı ilə həmrəyliyi əlaməti olaraq, eləcə də Azərbaycanın Dövlət Bayrağı Gününün qeyd edilməsi münasibətilə, Ukraynanın Şamaxı şəhərindəki yeni açılmış Fəxri konsulluğunun binası bu gün Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılacaq.
Dövlətinin suverenliyi və ərazi bütövlüyünü müdafiə edərkən həlak olmuş Azərbaycan və Ukrayna qəhrəmanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.