Ukrayna ATƏT-in missiyası ilə bağlı narahatdır

Ukrayna ATƏT-in missiyası ilə bağlı narahatdır Münaqişə bölgəsində vəziyyət gərginləşib
Xarici siyasət
30 Mart , 2021 20:19
Ukrayna ATƏT-in missiyası ilə bağlı narahatdır

Ukraynanın Rusiya ilə hərbi qarşıdurmasının getdiyi Donbas bölgəsində 2014-cü ildən bu yana çalışan ATƏT-in Xüsusi Müşahidə Missiyasının səlahiyət müddəti 2021-ci ilin martın 31-də başa çatır.

“Report” “Caliber.az”a istinadən xəbər verir ki, hazırda missiyanın mandatının daha bir il uzadılıb-uzadılmayacağı müzakirə olunduğu bir vaxtda münaqişə bölgəsində vəziyyət gərginləşib.

Bu günlərdə Ukrayna Xarici İşlər Nazirliyi bütün qərarların konsensusla verildiyi ATƏT-də bu məsələyə dair yekdil fikir olmadığını, ona görə də mandatın uzadılmaması ehtimalının artdığını açıqlayıb: “Beləliklə, aprel ayının əvvəlindən ATƏT Rusiya-Ukrayna münaqişəsinin həllini dəstəkləmək üçün başlıca təsir vasitəsindən məhrum ola bilər”.

Belə ki Normandiya formatı çərçivəsində təhlükəsizliyin təminatına dair əldə edilmiş Minsk razılaşmalarının yerinə yetirilməsi kəskin çətinləşər.

“Bizim BMT, Avropa İttifaqı, yaxud NATO himayəsində sülhməramlı missiyamız yoxdur. Burada beynəlxalq nəzarət yalnız ATƏT-in Xüsusi Müşahidə Missiyasından ibarətdir. Odur ki, bu missiyanın burada qalması bizim üçün çox mühümdür”, - deyə Ukraynanın beynəlxalq təşkilatlar nəzdində daimi nümayəndəsi Yevhenii Tsımbaliuk daha əvvəl “Ukrinform”a bildirib.

Ukrayna rəsmiləri də ATƏT missiyası getsə, hazırda nəzarət etmədikləri ərazilərə Rusiya ordu hissələrinin də yeridiləcəyini istisna etməyiblər.

Xatırladaq ki, bu günlərdə ATƏT-in, habelə bu təşkilatın Ukraynadakı Xüsusi Müşahidə Missiyasının büdcəsinin qəbul olunmasının Ermənistan tərəfindən əngəlləməsi xəbəri verilib. Bununla da rəsmi Yerevan həm ATƏT-in nüfuzuna və səmərəli fəaliyyətinə xələl gətirib, həm də Ukraynaya qarşı bədxah niyyətlərini büruzə verib.

Son xəbərlər

Orphus sistemi