Türkmənistanın təhsil naziri ADNSU-da olub

Türkmənistanın təhsil naziri ADNSU-da olub Nazir ADNSU rektoru ilə görüşüb
Xarici siyasət
27 Aprel , 2016 11:09
Türkmənistanın təhsil naziri ADNSU-da olub

Bakı. 27 aprel. REPORT.AZ/ Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində Azərbaycanda səfərdə olan Türkmənistanın təhsil naziri Purli Ağamuradov Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub.

ADNSU-nun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə ADNSU ilə Türkmənistan universitetləri arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

ADNSU rektoru, professor Mustafa Babanlı qonağa universitetin yaranma tarixindən, beynəlxalq əlaqələrindən, üzv olduğu beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrindən, eləcə də türkmən gənclər də daxil olmaqla universitetdə təhsil alan tələbələrə yaradılan imkanlardan söz açıb. M.Babanlı universitetdə təhsil alan hər bir türkmən gəncinin yaxşı mütəxəssis kimi yetişdikdən sonra ADNSU-nu öz ölkəsində təmsil edə biləcək elçi kimi çıxış edəcəyini vurğulamaqla, bu mənada gənclərə yüksək təhsilin verilməsinin əsas vəzifələrdən biri olduğunu qeyd edib.

Türkmənistanın təhsil naziri öz növbəsində səfərin əməkdaşlıq əlaqələrinin daha da yaxşılaşmasına təkan verəcəyini vurğulayıb. Nazir öz ölkəsindən olan müəllimlərin ADNSU-da təcrübə keçməsi üçün də əməkdaşlığın yaradılması ilə bağlı fikirlər səsləndirib, eləcə də türkmən tələbələrin dərs hazırlıqları ilə maraqlanıb. O, universitetin elmi-tədqiqat və tədris laboratoriyaları, Tarix Muzeyi, Heydər Əliyev Lektoriyası, İmtahan Mərkəzi ilə tanış olub.

Son xəbərlər

Orphus sistemi