"Türkiyə olaraq yanğınları aradan qaldırmaq üçün bütün imkanlarımızı səfərbər etmişik. Bu gün Azərbaycandan gələn yanğınsöndürən qardaşlarımızla birlikdə çalışdıq. Böyük fədakarlıq göstərdilər. Prezident İlham Əliyev başda olmaqla, Azərbaycan xalqına qardaş yardımı üçün təşəkkür edirik"
Bu fikirləri "Report"un yerli bürosuna açıqlamasında Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik nazirinin müavini Fatih Metin deyib.
Nazir müavini bildirib ki, Türkiyədə 107 yanğın hadisəsi qeydə alınıb. Müdaxilələr nəticəsində onların 98 nəzarətə alınıb. Digər 11 ərazidə isə yanğınlar davam edir: "İnşallah tezliklə bir yerdə bu fəlakətin qarşısını alıb normal həyatı bərpa edərik", - o əlavə edib.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, FHN-in yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət birinci qrup iyulun 30-da Türkiyəyə yola düşüb. Ötən gün axşam saatlarında isə FHN-in daha bir yanğın-xilasetmə qrupu qardaş ölkəyə yola salınıb. İkinci qrupa 1 helikopter, 53 yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, 1 tibbi yardım avtomobili, 220 yanğınsöndürən və xilasedici daxildir.