Türkiyənin Fransadakı səfiri: "Paşinyanın Türkiyə ilə münasibətləri normallaşdırmaq niyyəti yoxdur"

Türkiyənin Fransadakı səfiri: "Paşinyanın Türkiyə ilə münasibətləri normallaşdırmaq niyyəti yoxdur" Baş nazir Nikol Paşinyanın Ermənistanın Türkiyə ilə əlaqələri bərpa etməyə, münasibətləri normallaşdırmağa hazır olması ilə bağlı səsləndirdiyi fikirlər reallığa bənzəmir və arxasında ciddi niyyət yoxdur.
Xarici siyasət
4 May , 2019 16:21
Türkiyənin Fransadakı səfiri: Paşinyanın Türkiyə ilə münasibətləri normallaşdırmaq niyyəti yoxdur

"Baş nazir Nikol Paşinyanın Ermənistanın Türkiyə ilə əlaqələri bərpa etməyə, münasibətləri normallaşdırmağa hazır olması ilə bağlı səsləndirdiyi fikirlər reallığa bənzəmir və arxasında ciddi niyyət yoxdur". 

Bunu "Report"un Fransa bürosuna açıqlamasında Türkiyənin Fransadakı səfiri İsmayıl Haqqı Musa bildirib. 

Diplomat deyib ki, əslində, sözdə deyilənləri əməldə də göstərmək vacibdir: "Bunlar yalnız sözdədir, lakin əməldə də özünü göstərməlidir. Təbii ki, başlıca problem Ermənistanın qondarma "erməni soyqırımı"nı tanıtmaq cəhdləridir. Biz ermənilərin iddialarının araşdırılması, arxivlərin açılması üçün çox səylər göstərdik, təkliflərimizi bildirdik. Bu, Prezident Rəcəb Tayyib Ərdoğanın 2005-ci ildə baş nazir olduğu dövrə təsadüf edir. Həmin vaxt Ermənistanın prezidenti Robert Koçaryan idi. 1915-ci ildə baş verənləri qırğın, fəlakət adlandıra bilərik, lakin onlar buna "soyqırım" demək istəyirlər. Əslində, bunu uşağa ad vermək üstündə razılığa gələ bilməməyə də bənzətmək olar. Biz bu məqsədlə türk, erməni və xarici ekspertlərdən ibarət komissiya yaradılmasını təklif etmişdik və həmin qurumun gələcəyi yekun nəticələri qəbul etməyə hazır idik. Bu təklif bu gün də qüvvədədir. Ancaq bu təklifimizə müsbət cavab ala bilmədik. Bu gün Nikol Paşinyan Ermənistanın Türkiyə ilə əlaqələri bərpa etməyə hazır olduğunu desə də, bu, reallığa bənzəmir". 

Qeyd edək ki, N.Paşinyan bir müddət əvvəl Avropa Şurası Parlament Assambleyasında (AŞPA) çıxışı zamanı Ermənistanın Gürcüstan və İranla münasibətlərinin yaxşı olduğunu söyləyib: "Azərbaycan və Türkiyə ilə diplomatik münasibətlərimiz yoxdur. Türkiyə Azərbaycan ilə münasibətlərimizin yoluna düşməsini gözləyir. Bizim isə Türkiyəyə münasibətdə heç bir şərtimiz yoxdur və münasibətlərin bərpa olunmasına hazırıq. Biz qonşu dövlətlərlə münasibətlərimizi yalnız sülh şəraitində qurmaq niyyətindəyik".

Son xəbərlər

Orphus sistemi