Yuxarı

Türkiyəli siyasi icmalçı Bəkir Günay: "Dağlıq Qarabağ məsələsində Türkiyənin mövqeyi dəyişilməzdir"

Rusiya-Türkiyə əlaqələri gərginləşəndə Azərbaycan Türkiyənin yanında yer alaraq digər türk dövlətlərinə örnək olacaq mövqe sərgilədi.

Bakı. 10 iyul. REPORT.AZ/ Türkiyəli siyasi icmalçı, İstanbul Universitetinin xarici siyasət üzrə akademiki Bəkir Günayın "Report"a müsahibəsi:

- Varşavada NATO sammitinin verdiyi qərarlar Daglıq Qarabağ probleminin həllinə təkan verəcəkmi?

- NATO toplantısının təməl prinsipi Rusiyanın təcavüzkar siyasətini qınamaq və Şərqi Avropa ölkələrinin təhlükəsizliyini təmin etmək idi. Avropanın təhlükəsizlik məsələsi isə sadəcə Polşa ətrafı deyil, çevrənin daha genişləndirilməsi deməkdir. ABŞ-ın Polşada, Rumıniyada Rusiyaya qarşı hava müdafiə sistemlərini aktivləşdirməsi, eləcə də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoganın bir neçə ay əvvəl NATO-nun Balkan ölkələri Baş Qərargah rəislərinin toplantısında ABŞ-ın Qara dənizə daxil ola biləcəyini gündəmə gətirməsi bu siyasətin Qara dənizdən Qafqaza qədər uzanaraq Rusiyaya qarşı yeni konsepsiya planını gündəmə gətirir.

Həmin istiqamətdə verilən qərarlar hadisələri uzun müddətli soyuq müharibəyə sürükləyir. Bu da Azərbaycan və Gürcüstanın NATO-ya doğru meyl etmə ehtimalını artırır. Amma bunun qısa zaman çərçivəsində baş verəcəyini, NATO-nun Qarabağ probleminin həllində aktivlik göstərəcəyini söyləmək bir qədər tezdir.

Ümumiyyətlə isə toplantının əsas qayəsi Rusiya olduğu üçün NATO-nun Ermənistanın işgalçılıq siyasətinə müdaxiləsi mümkündür. Qeyd edim ki, Rusiyanın Ermənistana olan marağının səbəblərindən biri də Ermənistan ərazisində Türkiyəyə qarşı yerləşdirdyi hərbi qüvvələrdir. Türkiyə NATO üzvü olduğu üçün bu, NATO-ya qarşı da yönəlmiş təhdiddir.

Bütün amilləri nəzərə alaraq, Varşavada NATO sammitinin verdiyi qərarlar qısa zaman çərçivəsində deyil, mərhələli şəkildə Qarabağ probleminin həllinə təkan verə bilər.

- Son dövrlər Rusiya-Türkiyə yaxınlaşmasının Qarabağ məsələsinin həllinə müsbət təsirlərindən bəhs edilir. Bununla bağlı siz nə düşünürsüz?

- Əslində Rusiya-Türkiyə əlaqələrinin bərpasından danışmaq hələ tezdir. Hazırkı vəziyyət barışıga dogru razılaşmanın ilkin addımları kimi dəyərləndirilməlidir. Son zamanlar Türkyənin Rusiya ilə daha təmkinli davrandığını, iki ölkə arasındakı iqtisadi əlaqələrin tarazılığına xidmət edən siyasət yürütdüyünü görürük. Onu da qeyd edim ki, Türkiyə 2003-cü ildən bu günə qədər yürütdüyü xarici siyasətində dönüş mərhələsinə qədəm qoyur. Bu, qonşu dövlətlərlə sülh, əmin-amanlıq, əməkdaşlıq çərçivəsində mənfəət bölgüsü strategiyasına xidmət edən klassik xarici siyasət deməkdir. Rusiya ilə münasibətlər də bu çərçivədə nizamlanacaq. Dağlıq Qarabağ məsələsində isə Türkiyənin mövqeyi dəyişilməzdir. Türkiyə bütün beynəlxalq platformalarda ardıcıl olaraq Azərbaycanın yanında oldugunu aydın şəkildə nümayiş etdirib. Bu, sona qədər belə davam edəcək.

Digər bir amili də qətiyyətlə qeyd etmək istəyirəm ki, Rusiya-Türkiyə əlaqələrinin gərginləşdiyi zaman Azərbaycan da Türkiyənin yanında yer alaraq digər türk dövlətlərinə örnək olacaq bir mövqe sərgilədi. Bütün bunlar yaxşı göstəricilərdir. Amma Dağlıq Qarabağ probleminin həlli üçün digər vacib şərtlər var. Bu nöqtədə Azərbaycan-İsrail əlaqələrini vurgulamaq istərdim. Apreldəki hərbi əməliyyatlarda Azərbaycan İsraildən aldığı insansız hava vasitələri və müasir hərbi texnika ilə heç bir beynəlxalq dəstəyə ehtiyacı olmadan döyüş aparma qabiliyyətini nümayiş etdirdi.

Rusiya Azərbaycanın hərbi gücünün Qafqazdakı digər iki ölkədən qat-qat üstün olduğunu anladı. Hadisələri kənardan izləyərək hər iki ölkə ilə münasibətlərində balansı qorumağa çalışdı. Rusiya Ermənistanın müttəfiqi olsa da, öz maraqlarını hər şeydən üstün tutur. Bölgədə alovu tam söndürmədən köz halında tutmaq onun işinə yarayır.

Başqa bir amili də qeyd etmək istəyirəm ki, Türkiyə Minsk qrupuna üzv olmadığı müddətdə Dağlıq Qarabağ probleminin həllində irəliləyiş görmək çətindir. ATƏT isə heç bir vəchlə buna razılıq vermir. Amma Azərbaycan hərbi güçünü artıraraq Türkiyə ilə birlikdə Minsk qrupunun lüzumsuzluğunu gündəmə gətirsə, bu problem öz-özlüyündə həllini tapa bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi