Türkiyəli səyyah: “Ağalı kəndinin salınması Azərbaycan dövlətinin qüdrətini göstərir”
- 31 oktyabr, 2022
- 12:44
Yeniliklərdən dərhal xəbərdar olun!
“Qısa bir zamanda belə modern və ekoloji cəhətdən təmiz kəndin salınmasının özü Azərbaycan dövlətinin qüdrətindən xəbər verir”.
Bunu “Report”un Zəngilana ezam olunan əməkdaşına açıqlamasında “Türkiyə Səyyahlar Klubu” dərnəyinin üzvü Saimə Özmekik deyib.
Onun sözlərinə görə, işğalçı ölkə və xalqlar digər ölkə torpaqlarını və xalqlarını təhdid edir: “Mən tamamilə müharibə əleyhinə olan bir insanam, lakin vətən torpaqlarını qorumaq uğrunda mübarizə başa düşüləndir. Üç gündür Azərbaycanın işğaldan azad edilmiş ərazilərində səfərdəyik. Dağıdılmış, məhv edilmiş evləri görmək məni çox üzür. Kaş, dünyada müharibələr olmasın və insanlar öz torpaqlarını qorumaq məcburiyyətində qalmasınlar”.
O vurğulayıb ki, Zəngilanın Ağalı kəndinə heyran olub.
“Bu gün isə gözümüzü sanki çox ayrı bir dünyada açdıq. Zəngilan rayonunun Ağalı kəndində olduq. Hər bir çətinlikdən sonra mütləq gözəl hadisələr yaşandığını hamımız bilirik və həmin gözəl hadisənin gerçəkləşdiyini bu gün öz gözlərimizlə gördük. Burda insanların necə qonaqpərvər və öz vətənlərinə bağlı olduğunu dərindən hiss etdik. Bu baxımdan qardaşlarımızla qürur duyuruq”, - S.Özmekik deyib.
Xatırladaq ki, səfər azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması sahəsində mühüm əhəmiyyət kəsb edir. Ötən bir ildə dünyanın 4 əsas beynəlxalq səyahətçilər şəbəkəsinin (ETIC, MTP, TCC, Nomanmaniya) hər birinin rəhbərləri və tanınmış üzvləri səviyyəsində Qarabağ və Şərqi Zəngəzura ümumilikdə, 4 dəfə böyük heyətlərlə səfərlər təşkil edilib. Hazırda sayca beşinci olan bu səfərlər nəticəsində 30-a yaxın ölkədən, təxminən, 200 beynəlxalq səyahətçi azad edilmiş ərazilərdəki vəhşiliklərlə, dağıntılarla, böyük bərpa və quruculuq işləri ilə yerində tanış olub. Bu isə Azərbaycanın illər ərzində məruz qaldığı vəhşiliyin dünya ictimaiyyətinə beynəlxalq səyahətçilərin gözləri ilə göstərilməsi baxımdan xüsusi əhəmiyyət kəsb edir.
Qeyd edək ki, bu dəfəki heyətə Türkiyə Səyyahlar Klubunun prezidenti, Nomadmaniyanın qlobal reytinqinə görə, dünyanın 50 əsas beynəlxalq səyahətçisindən biri hesab olunan Salman Arınc rəhbərlik edir.