Türkiyəli professor: “Müttəfiqliyimiz Türkiyə-Azərbaycan Beynəlxalq Universitetinin yaradılması ilə taclandı”
- 15 iyun, 2023
- 11:10
Yeniliklərdən dərhal xəbərdar olun!
“İki ölkənin qardaşlığı, strateji müttəfiqliyi Türkiyə-Azərbaycan Beynəlxalq Universitetinin yaradılması ilə bağlı imzalanmış müqavilə ilə taclandı”.
Bu sözləri “Report”un Ankara bürosuna Türkiyənin İhsan Doğramacı adına Bilkənd Universitetinin professoru Əmrulla Məmmədov deyib.
Onun sözlərinə görə, Türkiyə ilə Azərbaycan arasında mövcud olan dostluq-qardaşlıq münasibətləri, hərbi, müdafiə sənayesi və iqtisadi sahələrdə strateji əməkdaşlıq hər iki dövlətin daxili işlərinin gedişində, siyasətin formalaşmasında da özünü göstərməkdədir: “Bu əlaqələr iki qardaş ölkənin prezidentləri arasındakı səmimiyyətə qədər gətirib çıxarıb. Ona görə də mayın 14-də və 28-də Türkiyədə keçirilən seçkilərin Azərbaycanda rezonans doğurması və bu seçkilərdə Azərbaycan cəmiyyətinin kimin tərəfində olması məncə, aksiomadır. Çünki 30 il əvvəl Qarabağdan yaralıları və uşaqları döyüş bölgəsindən çıxarmaq üçün 1-2 helikopter verə bilməyən, sonra isə Azərbaycan xalqının seçdiyi Ulu Öndər Heydər Əliyevin hakimiyyətinə qarşı dövlət çevrilişinə cəhdə dəstək verən Türkiyədən günümüzə qədər gələn münasibətləri Azərbaycan cəmiyyətinin unutması mümkün deyil. Türkiyənin 44 günlük İkinci Qarabağ müharibəsindən əvvəl, savaş zamanı və sonra bütün qüvvəsi ilə Azərbaycanın yanında olduğunu da xalqımız unutmur. Bütün bunların isə əsasən Rəcəb Tayyib Ərdoğan və AK Partinin hakimiyyəti dövründə baş verdiyini danmaq olarmı?”
Professor bildirib ki, bütün bu münasibətlər nəticəsində yaranan müsbət enerji hər iki dövlət başçısının səmimi davranışlarında, iki qardaş xalqın dostluğunda təzahür etdiyi kimi, rəsmi protokollarda da öz əksini tapır: “Ərdoğanın Azərbaycana dövlət səfərində də bütün bunlar təkrarlandı və bu şəkildə də davam edəcək. Xeyirli-uğurlu olsun!”