Türkiyəli politoloq: “Möhkəmlənən Azərbaycan-Türkiyə qardaşlığına görə Ərdoğan və Əliyevin liderlik xüsusiyyətlərinə borcluyuq”
- 13 iyun, 2023
- 13:04
“Azərbaycan və Türkiyə qardaşlığının möhkəmlənməsinə görə təxminən eyni vaxtlarda iki qardaş ölkəyə rəhbər olaraq seçilən Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin liderlik xüsusiyyətlərinə, onların sağlam milli şüurlarının olmasına borcluyuq”.
Bu fikirləri “Report”un Ankara bürosuna açıqlamasında Türkiyənin “Yeni Akit” qəzetinin Ankara üzrə redaktoru, politoloq Muhammet Kutlu bildirib.
Növbəti dəfə Prezident seçilən Rəcəb Tayyib Ərdoğanın ilk səfərlərini Şimali Kipr Türk Respublikası və Azərbaycana etməsinin ənənə halını aldığını bildirən politoloq deyib ki, bu davranışı ilə Türkiyə Prezidenti Ulu Öndər Heydər Əliyevin “İki dövlət, bir millət” deyimini bir daha təsdiqləyir:
“Hər iki lider dövlətlərini inkişaf etdirməklə yanaşı, ölkələrmiz arasında qardaşlıq əlaqələrinin möhkəmlənməsi üçün fədakarlıqla və səmimiyyətlə səy göstəriblər.
Rəcəb Tayyib Ərdoğan öz milləti üçün etdiyi fədakarlığını Azərbaycan üçün də əsirgəməyib. Cənab İlham Əliyev və Azərbaycan xalqı da bu fədakarlığı qarşılıqsız buraxmır, yüksək dəyərləndirir”.
Muhammet Kutlu onu da qeyd edib ki, 44 günlük İkinci Qarabağ müharibəsində Türkiyənin Azərbaycana dəstək verməsi, ardınca Şuşa Bəyannaməsinin qəbul edilməsi iki ölkə arasında müttəfiqlik yaratmaqla yanaşı, türk dünyasına da pozitiv təsiri göstərib.
“Diqqət edirsinizsə Türk Dövlətləri Təşkilatının aktivliyi Türkiyənin dünya geosiyasətində yüksəlişindən və Azərbaycanın Qarabağ zəfərindən sonra baş verdi”, - o, vurğulayıb.
Politoloq hesab edir ki, R.T.Ərdoğanın yenidən Prezident seçilməsi ilə başlayan bu dövrdə Ermənistan da ağıllı davranmağı öyrənəcək:
“İki il əvvəl Türkiyə və Azərbaycan prezidentlərinin imzalayıb dünyaya elan etdikləri Şuşa Bəyannaməsində Ermənistanın və digər Qafqaz ölkələrinin də yerinin olduğu açıq-aydın göstərildi. Düşünürəm ki, Ermənistan Şuşa Bəyannaməsində verilən mesajları yaxşı dəyərləndirsə, yoxsulluqdan qurtulub, rifah yoluna qədəm qoyacaq”.