Türkiyədə təhsil alan azərbaycanlı tələbələr zəlzələyə görə səfərbər olub

Türkiyədə təhsil alan azərbaycanlı tələbələr zəlzələyə görə səfərbər olub Türkiyədə təhsil azərbaycanlı tələbələr zəlzələdən zərərçəkənlər üçün səfərbər olublar.
Xarici siyasət
10 Fevral , 2023 14:27
Türkiyədə təhsil alan azərbaycanlı tələbələr zəlzələyə görə səfərbər olub

Türkiyədə təhsil azərbaycanlı tələbələr zəlzələdən zərərçəkənlər üçün səfərbər olublar.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, Konya Universitetində təhsil alan tələbələr yüklərin paketlənməsinə kömək edirlər.

Tələbələr prosesə ilk vaxtlardan etibarən könüllü dəstək verdiklərini bildiriblər. Konya Universitetinin tələbəsi Sahib Kərimli “Anadolu”ya açıqlamasında bildirib ki, o, zərərçəkmişlərdən hər birini öz ailə üzvü kimi görür: “Hamı səfərbər olub. Azərbaycandan da mənə zəng edib soruşurlar ki, nələr edə bilərik?”.

Necmettin Erbakan Universitetinin tələbəsi Ülkər Kərimova isə söyləyib ki, tələbələr bütün gücləri ilə çalışırlar. Həmin ali məktəbin başqa bir tələbəsi Aysel Səfərova tətillə bağlı Azərbaycana gəldiyini, amma zəlzələ xəbərini eşidən kimi yenidən Türkiyəyə qayıtdığını vurğulayıb.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Son məlumata görə, Türkiyədə dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 18 342 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 74 242 nəfər yaralanıb. Zəlzələdən sonra bölgədə 1509 afterşok qeydə alınıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Təbii fəlakət həmçinin Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub, eyni zamanda Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə də hiss edilib.

Son xəbərlər

Orphus sistemi