“Türkiyə-Azərbaycan münasibətləri tarixinin başlanğıc nöqtəsini tapmaq çətindir, lakin istinad ediləcək hadisə varsa, bu da Qars müqaviləsidir”.
“Report” xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı ölkəsinin “Akşam” nəşrinə müsahibəsində bildirib.
“Eyni zamanda, Azərbaycanın Qurtuluş Günü kimi qeyd edilən 15 iyunda imzalanan Şuşa Bəyannaməsi də son dərəcə önəmlidir. Sənədin Azərbaycanın qurtuluşu ilə bağlı bir tarixdə imzalanması da anlamlıdır. Ümumiyyətlə bu sənəd bölgənin geosiyasətinə uyğundur”, - diplomat vurğulayıb.
Səfirin sözlərinə görə, Bəyannamənin ən önəmli tərəflərindən biri sənədin müddətsiz olmasıdır. Onun fikrincə bu, qardaşlığın təsisidir: “Şuşa Bəyannaməsini bir cümlə ilə ifadə etsək, bu, Türkiyə-Azərbaycan münasibətlərinin hər sahədə inkişaf etdirilməsi və dərinləşdirilməsidir. Bu, qanundur, hər kəs üçün təlimatdır. Türkiyədə və Azərbaycanda məsul nazirə, şöbə müdirinə, rektora göstərişdir.
Bəyannamədə söhbət təkcə müdafiə, enerji ilə bağlı deyil. Sənəd mədəniyyət, səhiyyə, logistika, rəqəmsallaşma və akademik əməkdaşlıq kimi bir çox sahələri əhatə edir. Bu sənəddə Türkiyə-Azərbaycan əlaqələrinin səviyyəsini türk dünyasına bir nümunə kimi təqdim etmək var. İnanıram ki, bu cür münasibətlər Türk Dövlətləri Təşkilatı ölkələri ilə də ikitərəfli, üçtərəfli və beştərəfli formatda təsis ediləcək və beləliklə, təşkilat da güclənəcək”.