"Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya, həmçinin onların tapşırığı ilə Türkiyəyə yardımları toplayıb göndərən şəxslərə təşəkkür edirəm".
"Report" xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə Türkiyəyə humanitar yardımın yolasalma mərasimində çıxışı zamanı deyib.
O vurğulayıb ki, Azərbaycan həmişə olduğu kimi, bu dəfə də Türkiyəyə qardaş əlini uzadıb:
"Türkiyədəki qardaşlarım qarın altında üşüdüyü halda mən isti evimdə otura bilmərəm" deyərək öz yorğan-döşəyini göndərən qardaş və bacılarımıza təşəkkür edirəm. Biz Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə bu problemin də öhdəsindən gələcəyik. Türkiyə xalqı Azərbaycanın dar gündəki dostluğunu heç vaxt unutmayacaq. Allah heç zaman bizlərə belə acı yaşatmasın".