Yuxarı

Türkiyə səfiri: “Bizə qərəzli yanaşaraq ermənilərlə ortaq iş görənləri bağışlamayacağıq” - MÜSAHİBƏ

“FETÖ-nün Türkiyədən sonra addım atdığı ilk üçüncü ölkələrdən biri Azərbaycan olub”

“FETÖ-nün Türkiyədən sonra addım atdığı ilk üçüncü ölkələrdən biri Azərbaycan olub”

“Hər məsələdə Azərbaycanın yanındayıq”

Bakı. 4 avqust. REPORT.AZ/Türkiyənin Azərbaycandakı səfiri İsmayil Alper Coşqunun Reporta eksklüziv müsahibəsi

- Cənab səfir, hazırda Türkiyə ərazisində ümumi vəziyyət necədir? Vəziyyətin nə zaman sabitləşəcəyini proqnozlaşdırırsınız?

- Hər hansı bir ciddi məsələ yoxdur. 15 iyulda Türkiyə böyük bir təhlükə ilə üzləşdi, Türkiyə Silahlı Qüvvələrinin içində və onların arxasında duran Fətullahçi terror təşkilatının (FETÖ) və onun başında duran, hazırda Pensilvaniyada məskunlaşan Fətullah Gülənin bir dövlət çevrilişi cəhdi ilə üz-üzə qaldı. Biz bunu göz bəbəyimiz olan Türkiyə Silahlı Qüvvələri ilə əlaqəli olduğunu qətiyyən ehtimal etmirik. Bu, Silahlı Qüvvələrə və digər dövlət qurumlarına soxulan mikrobun bir təşəbbüsü idi. Konstitusion quruluşu devirmək istəyirdilər. Bu, çox ciddi bir məsələ, təhlükə idi. Çox təəssüf ki, insan itkiləri oldu. Amma türk xalqı prezidentimizin çağırışına qoşularaq küçəyə çıxdı. Üstəlik, bu insanlar təkcə AK Partiyanın təmsilçiləri deyildi, türk milləti bir olaraq küçəyə çıxdı. Küçədə sərgilənən bu vəhdət parlamentdə də öz əksini tapdı. Siyasi partiyalar bir araya gəldi və hazırda iqtidarla müxalifət partiyaları arasında konstruktiv dialoq çərçivəsində çevriliş cəhdindən sonra atılmalı olan addımlar atılır. Həmin gecə yaşanan hadisələrin ertəsi günündən etibarən vəziyyət nəzarətə alınıb və qeyri-stabil durum yoxdur. Sadəcə, fövqəladə vəziyyət elan edilib və bu vəziyyətin elan edilməsində məqsəd məruz qaldığımız təhlükəni ən tez şəkildə aradan qaldırmaqdır. Hazırda da nə edilir?! Başda Silahlı Qüvvələr olmaqla digər dövlət qurumlarda, mənim də çalışdığım Xarici İşlər Nazirliyində illərcə səssizcə özlərinə yer etmək istəyən virusları təmizləyirik, həmin qurumları daha da güclü etməyə çalışırıq. Küçələrdəki vəziyyətə baxdıqda, dövlət və hökumət başçılamızın da dediyi kimi, demokratiya növbəsi adı altında, şənlik əhval-ruhiyyəsində, sadəcə türk bayrağı ilə nümayişlər təşkil olunur. Bu, yaxınlarda təhlükə ilə üzləşmiş ölkənin birlikdə irəliyə getmək arzusunun göstəricisidir.

- Türkiyə FETÖ-çülərdən nə vaxt təmizlənəcək? Qeyd etdiniz ki, Türkiyə XİN-də də təmizləmələr həyata keçirilir. Son iki-üç ildə Türkiyənin Azərbaycandakı səfirliyində bununla bağlı olaraq işdən çıxarılan olubmu?

- Bizim səfirliyimizdə işdən çıxarılan olmadı. Başqa səfirliklərdə olduğu kimi, bizdə də təyinatlar, təyinat müddətinin başa çatmaları olub. Amma bu məsələ ilə bağlı işdən çıxarılan olmayıb. Xarici işlər nazirimizin də dediyi kimi, bu terror təşkilatının ünsürlərinin bizim quruma yerləşdirilməsi ilə bağlı ciddi işlər görülürdü, digər qurumlarda olduğu kimi, bizim qurumda da eyni addımlar atmaq, XİN-də qapalı bölmələrdə öz adamlarını yerləşdirmək itəşəbbüsləri olub. Bizim nədən bəhs etdiyimizi yaxşı anlamaq lazımdır. Onlar o qədər hiyləgər şəkildə dövlət idarəetməsinə sızıblarlar ki, açıq şəkildə onları ayırmaq mümkün deyildi. Baxın, dövlət başçımızın, Baş Qərargah rəisinin ən yaxın adamları çox təəssüf ki, həmin terror təşkilatın üzvləri çıxdılar. Ona görə də Türkiyədə çox ciddi addımlar atılır. Bu günə qədər Türkiyədə müxtəlif qurumlardan 60 mindən çox insan kənarlaşdırılıb. Onlar işdən çıxarılmadı, həbs olunmadı, sadəcə bu və ya digər formada FETÖ ilə əlaqələrin mövcudluğu şübhəsi olduğundan dəqiq araşdırmalar aparılır. Onların arasında kiminsə günahı təsdiq olunduqda məhkəmə yolu ilə həbs qərarı qəbul edilir. Bu təsdiqlərin olması səbəbindən işdən çıxarılanlar da olub, bura Türkiyə Silahlı Qüvvələrindən işdən çıxarılan 3000-dən çox hərbçini də daxil etmək olar. Bu, çox çətin, acı bir təcrübədir. Dövlət başçımızın da dediyi kimi, bu bir intiqam deyil, mərhəmət duyğusu ilə amma hüquq çərçivəsində atılan addımlardır və biz onları gerçəkləşdirəcəyik.

- FETÖ-yə qarşı mübarizə çərçivəsində Azərbaycanla məsləhətləşmələr davam edirmi?

-Təbii ki. Hər kəsin bilməsi lazımdır ki, biz hər zaman, hər məsələdə Azərbaycanın yanındayıq. Qarşılıqlı ziyarətlərin sayı-hesabı yoxdur, üçüncü ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə də, bizim ölkələrimizin yüksək vəzifəli rəsmilər ayaq üstə də olsa, mütləq bir-biri ilə söhbət etmək imkanı tapırlar. Azərbaycan bizim ən yaxın strateji tərəfdaşımız, dostumuz, qardaşımızdır. Bu ölkə ilə biz açıq şəkildə istənilən məsələni müzakirə edirik. Türkiyə həm daxildə, həm də beynəlxalq məsələlərlə bağlı dəyərləndirmələri Azərbaycanla paylaşdığı kimi, məruz qaldığı təhlükələri və təhdidləri də Azərbaycanla paylaşır. FETÖ-nün Türkiyədən sonra addım atdığı ilk üçüncü ölkələrdən biri Azərbaycan olub. Biz öz təcrübəmizi, başımıza gələnləri Azərbaycanla ən açıq şəkildə paylaşırıq, Azərbaycan da öz təcrübəsini bizimlə paylaşır. Biz nəticədə Azərbaycanla güclərimizi birləşdirmək niyyəti ilə, ortaq millətimizə birlikdə xidmət etmək çalışırıq.

- Bəzi ölkələr, məsələn Qırğızıstan və Qazaxıstan FETÖ məktəblərinin bağlanmasına qarşı çıxdı. Bu məsələ barədə nə deyə bilərsiniz?

- Hər bir ölkə özü qərar verir, bununla bağlı heç nə demirik. Amma biz başımıza gələnləri başda qardaş ölkələr olmaqla hər kəslə bölüşürük. FETÖ-nun bir sıra qolları var və onların təməlini təhsil fəaliyyətləri təşkil edir. Bu qurumların yanında media qurumları var ki, özlərinin təbliğat işlərini həyata keçirirlər, onların yanında da maliyyə dəstəyini verən iş adamları dayanır. Bütün bunlar bir-birini bəsləyən sütunlar zənciri deməkdir. Bəhs etdiyim sütunlarla getdiyi ölkələrdə yerləşməyə çalışan FETÖ, zaman keçdikcə getdiyi üçüncü ölkədə, insanların ideologiyasını dəyişdirmək niyyəti ilə oraya yerləşdirilir. Bunu etdikdən sonra, təşkilatın sistemindən keçən insanların dövlət içərisində önəmli vəzifələrə yerləşdirilməsi təşkil edilir. Bizim etdiyimiz, Türkiyənin başına gələn bəlanı dostlarımıza anlatmaqdır. Amma bununla bağlı addım atmaq, ya atmamaq qərarını, təbii ki, onlar özləri verirlər.

-Son hadisələrin "Türkiyəni avtoritarizmə sürükləyəcəyi" barədə iddialara münasibətiniz necədir?

- Düzdür, bu iddialar edilir. Amma bu iddiaların nə qədər əsaslı yaxud əsassız olduğuna diqqət etmək üçün əvvəlcə Türkiyənin necə bir ölkə olduğuna baxmaq lazımdır. Çox şükürlər olsun ki, demokratik standartlar, azad və sərbəst rəqabət içərisində təşkil edilən seçkilərlə Türkiyə üzərində heç bir kölgəsi olan ölkə deyil. Üstəlik, xalqımızın əksəriyyətinin illərdir dəstklədiyi hökumətimiz və Türkiyə Cümhuriyyəti tarixində ilk dəfə seçkilər yolu ilə hakimiyyətə gələn prezidentimiz var. Həm də, illərdir ölkəmizə rəhbərlik edən, heç bir nöqsanı olmadan hər seçkilərdən uğurla çıxan və dövlət başçısı olaraq hər mənada dəstəyə sahib olan prezidentimiz var. Belə bir vəziyyətdə iyulun 15-də müstəqil mətbuatın da oynadığı rolu gördük. Bütün bunları nəzərə alaraq, Türkiyəyə qarşı atılan bu iddialar həqiqətən də haqsızdır və Türkiyədə baş verən hadisələrin gerçəkliklərini görmək istəməyən dairələrin iddialarıdır. Baxın, o gecə nə oldu?! Avtoritarizmdə suçlanan cənab dövlət başçımız xalqa müraciət etdikdən sonra hər kəs, siyası baxışlarından asılı olmayaraq, küçələrə çıxdı. Prezidentimiz hadisələrdən sonra müxalifət partiyaları ilə bir araya gəldi, birlikdə ölkəmizin bu təhlükə ilə qarşılaşdığının səbəblərini müzakirə etdilər, bundan sonra hansı addımların atıla biləcəyini nəzərdən keçirirlər. Bununla da Türkiyə demokratiya nümunəsi sərgiləyir. Siyasi partiyaların baxışları təbii ki, fərqlidir. Bu təhlükə qarşısında bir olan Türkiyədə bundan sonra da debatlar, mübahisələr davam edəcək. Dövlət başçımızın təcrübəli siyasətçi kimi, siyasi partiyanın rəhbəri olaraq bəzi fikirləri və düşüncüləri var idi, prezident sisteminə keçməsi ilə bağlı fikirləri var idi, AK Partiyanın da baxışı bu yöndədir. Digər partiyaların özlərinə görə ayrı baxışları var. Bu debatlar davam edir və etməlidir. Mənim dediyim odur ki, avtoritarizm iddialarını səsləndirənlərin Türkiyənin dövlət çevrilişi qarşısında necə bir araya gəldiyini, hər şeyi kənara qoyaraq demokratiyaya sahib çıxanları, bütün siyasi partiyaların nümayəndələrinin bombalanan parlamentə necə gəldiyini görməsi lazımdır. Bu, sağlam işləyən demokratiyanın örnək göstəricisidir. Bu ərəfədə, tutulanlar arasında, adı FETÖ ilə bağlı olan mətbuat nümayəndələri də var. Onlara qarşı edilən ittihamların heç birisi jurnalist fəaliyyəti ilə bağlı deyil. Bu şübhələr FETÖ-nün Türkiyədə fəaliyyətinə dəstək edilməsi ilə bağlıdır. Onlara qarşı irəli sürülən ittihamlar da hüquq çərçivəsində ya təsdiqlənəcək, ya da ittiham üzərlərindən götürüləcək. Ümumiyyətlə, bu, bizim istəmədiyimiz bir vəziyyətdir, amma buna rəğmən, ölkəmiz qeyd etdiyim xüsusiyyətlərdə sınaq qarşısında uğurla çıxıb və bunu alqışlamaq lazımdır.

- Qərbin Türkiyəyə tələblərindən biri terrorçuluğa qarşı mübarizə qanununun dəyişdirilməsidir. Sizcə, bu, Türkiyənin ərazi bütövlüyünü və onun federallaşmasına yönəlik məsələ deyilmi?

- Bu mövzu bizim Avropa Birliyi ilə apardığımız sərbəst müzakirələrin içərisində gündəmə gəldi. Amma burada bunları nəzərə almaq lazımdır: birincisi, Türkiyə uzun illərdir çox ciddi terror təhdidinə qarşı mübarizə aparan dövlətdir. İkincisi, Türkiyə terror hücumlarına məruz qalan yeganə ölkə deyil. Təəssüf ki, bir çox ölkələr bu problemlə üzləşirlər. Fransada, Almaniyada, Belçikada və s. Ölkələrdə baş verənləri bilirik. Üçüncüsü, hansı ölkəyə getsəniz, deyəcəklər ki, bizim terrorla birgə mübarizəmiz lazımdır, amma terrorun necə tanınması barədə suala fərqli cavablar gələcək. Beynəlxalq səviyyədə terrorun necə, hansı formada tanınması məsələsində, təəssüf ki, standart razılaşma yoxdur. Bu, sözün düzü bəşəriyyətin ayıbıdır. Bununla bağlı birgə mövqe yoxdur. Təəssüf ki, müxtəlif ölkələrdə “uzaq terrorçu”, “yaxın terrorçu”, “mənə zərər verən” və ya “mənə zərər verməyən terrorçu” anlayışlarla ayrı-seçklik edirlər. Halbuki, dünyada belə bir anlayış olmamalıdır. Ölkə adı çəkməyim, amma çox uzaq bir ölkədən, okeanlar aşaraq, törətdiyi terror aktını hamımız gördük. İndi terror törətmək üçün harasa getmək də vacib deyil, buna misal olaraq kiber-hücumları göstərmək olar. İnternetə girib ən sadə bombanın necə hazırlanmasını da görə bildiyimiz dövrdə belə ayrı-seçkilik olmamalıdır. Suriya buna yaxşı bir nümunədir. Türkiyəyə qarşı, Türkiyə vətəndaşlarına qarşı terror törədən terror təşkilatlarını Suriyanın daxilindəki müəyyən qüvvələr öz maraqlarına uyğun görərək onlara göz yumurlar ki, bu, qətiyyən qəbuledilməzdir. Bir sözlə, hər cür terrora qarşı mübarizə etmək lazımdır. Türkiyənin təəssüf ki, terrorla bu cür mübarizə etdiyi bir dönəmdə terrorla mübarizə qanununun daha da yumşaldılması üçün addımlar atılması hər şeydən əvvəl indiki vaxtda məqsəduyğun deyil. Bu, Türkiyənin qarşılaşdığı təhlükəni kiçik görmək mənasına gələr. Bu cür tələblərin hazırkı dövrdə və nəyə görə ortaya qoyulmasını yaxşıca nəzərdən keçirtmək lazımdır. Xüsusi ilə də Fətullahçı terror təşkilatının ölkəmizdə dövlət çevrilişi cəhdi etdiyi dönəmdə bizim bununla bağlı addımlar atmaq niyyətimiz yoxdur. Ümid edirəm ki, yaxın zamanlarda terrorun yox edilməsini görəcəyik.

- Son zamanlar Türkiyə ilə Rusiya arasında əlaqələrin istiləşməsindən sonra Türkiyə-Rusiya bloku yarana bilərmi?

- Düşünürəm ki, blok anlayışını artıq geridə qoyduq. Fikirləşirəm ki, bu anlayış XXI əsrə uyğun deyil. Bunu kim söyləyir? Bunu NATO-nun üzvü olan Türkiyənin səfiri, mən söyləyirəm. Biz NATO ittifaqının üzvüyük, amma ittifaqın da bloklanma kimi rolunu görmürük. Rusiya bu bölgədə önəmli tərəfdaşımız, dost bildiyimiz bir ölkədir. Yaxın keçmişdə böyük sıxıntılar yaşadıq. Çox şükür ki, bununla bağlı da konstruktiv zəmində danışmaq imkanımız oldu, bizim əlaqələrin qırılmasından ilk gündən sonra etdiyimiz çağrı da eşidildi və sevindirici haldır ki, son vaxtlar Türkiyə və Rusiya əlaqələri əvvəlki kimi davam etdirilir. Bunun Türkiyəyə olduğu kimi, Rusiyaya da, Azərbaycan da daxil olmaqla bölgədəki bütün dövlətlərə də faydası olacaq. Çünki gərginliyin heç kimə faydası yoxdur. Rusiya bu bölgənin və dünyanın aparıcı rola sahib ölkələrindən biri, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvü olaraq, həm də tarixən Türkiyənin önəm verdiyi, dost olduğu ölkədir. Anlaşa bilmədiyimiz bir çox məsələlər var, amma əlaqələrimizin inkişafı bu məsələləri konstruktiv danışıqlarla həll etməyə imkan verdiyini düşünürəm. Bu yaxınlarda dövlət başçılarımız da görüşməlidir. Düşünürəm ki, bu Türkiyə, Rusiya və bölgə üçün faydalı olacaq.

- Ankara-Moskva münasibətlərinin istiləşməsi Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsində nə kimi təsir göstərə bilər?

- Ümid edirik ki, yaxın müddətdə Dağlıq Qarabağ münaqişəsinın Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi istiqamətində müəyyən adımlar atılacaq. Biz Rusiya ilə əlaqələrimizin hansı səviyyədə olmasından asılı olmayaraq, bu bölgədə təkcə beynəlxalq hüququn tələb etdiyinə görə deyil, təkcə Azərbaycan qardaş dövlət olduğuna görə deyil, eyni zamanda ümumilikdə bölgənin təhlükəsizliyi, inkişafı, potensialının reallaşdırılması üçün bu işğalın sona çatdırılmasının vacibliyini qeyd edirik, bunu da hər kəsə söyləyirik. Bunu sadəcə Azərbaycanın haqqı olduğu üçün deyil, əslində bunun hər kəsə xidmət edəcəyi üçün söyləyirik. Bu baxımdan da, ATƏT-in Minsk qrupunun üzvü, dünyada fəal üzvü, Ermənistanla sıx əlaqələrə malik olan ölkə olan Rusiyadan böyük gözləntilərimiz var. Azərbaycanın uyğun gördüyü hər hansı düstur çərçivəsində üzərimizə düşən istənilən addımı atmağa hazırıq.

-Türkiyə və Rusiya arasında münasibətlərin normallaşması fonunda yəqin ki, iki ölkənin iqtisadi münasibətləri də qaydasına düşəcək. Bu, Türkiyə və Azərbaycan arasında ticarət dövriyyəsinə təsir edəcəkmi?

- Bu həftə Azərbaycana Türkiyədən bir biznes nümayəndə heyəti gələcək. Türkiyədə dövlət çevrilişi cəhdindən dərhal sonra Qərbdə səsləndirilən bəzi spekulyativ xəbərlərə cavab olaraq göstərmək istəyirik ki, Türkiyənin iqtisadiyyatı bu vəziyyətdə də, müsbət nəticələr göstərib. 2016-cı ilin ilk yarısında iqtisadiyyatın artımı 4,8% təşkil edib. 2016-cı ilin sonuna qədər kifayət qədər yüksək artım rəqəmləri gözləyirik. İşəgötürmə rəqəmlərinə baxanda 2009-cu ildən bəri artan statistika görürük. Yatırımların həcmi Türkiyədə yüksəlir. Bir-birinin ardınca önəmli layihələr açırıq. Osman Qazi körpüsünü açdıq, bu yaxınlarda İstanbulda üçüncü körpünü açacağıq, Bakı-Tbilisi-Qars dəmir yolu bu il tamamlanacaq. Digər tərəfdən, Türkiyədə yatırımları artırmaq və iqtisadi fəallığın artırılması məqsədilə addımlar atılır. Bu biznes nümayəndələrinin gəlişi ilə biz bu məqsədlərimizi ortaya qoyuruq və strateji tərəfdaşımız olan Azərbaycanla iqtisadi və ticari əlaqələrimizin daha sürətli inkişaf etdirmək iradəmizi sərgiləyəcəyik. Ən önəmli odur ki, Azərbaycan iqtisadiyyatı prezidentinin baxışı çərçivəsində şaxələndirmə siyasəti yürüdür, Türkiyə də öz imkanları ilə bu baxımdan ən rahat və ən tez şəkildə nəticələr əldə edə biləcək ölkələr sırasında birincidir, bu da aşkardır. Azərbaycan da öz yatırımlarını hara qoya və sağlam şəkildə istifadə edə biləcəyini nəzərə aldıqda, ilk növbədə Türkiyə gəlir. Aramızdakı bu iqtisadi əlaqələr, artan sərmayələr davam edəcək. Əgər Türkiyə-Azərbaycan iqtisadi əlaqələrinin son 5-10 il ərzindəki inkişafına baxsaq, görəcəyik ki, bu inkişaf güclü şəkildə güclənir. Azərbaycan bu bölgədə Türkiyə üçün çox vacıb tərəfdaşımızdır və Azərbaycanla Türkiyə iqtisadiyyatlarının bir-birini tamamladığını nəzərə alaraq, iqtisadiyyatımızı daha da güclü etmək üçün gələcəkdə nəzərdə tutduğumuz layihələri davam etdirəcəyik.

- Bu yaxınlarda Misir parlamentində “erməni soyqırımı”nın tanınması ilə bağlı təklif irəli sürülüb. Sizin misirli həmkarınız bunu “Türkiyənin Misirlə münasibətdə atılan müəyyən addımlara cavab olaraq” təklif olunduğunu bildirdi. Eyni fikirləri Misir parlamentində də səsləndirirlər. Sizin bu məsələ ilə bağlı cavabınız nə olacaq?

- Bu suala görə sağ olun. Bu, çox gərəksiz bir təklif idi. Buradakı misirli həmkarıma çox dərin hörmətim var, amma bunu söyləməliyəm ki, baxın, ermənilər bu iddiaları ilə dünyada nə əldə etmək istəyirlər?! Akademik debatlar çərçivəsində, arxivləri açmaqla bağlı müzakirələrə qoşulmadılar. Türkiyə nə deyir: gəlin ortaq bir tarix komissiyası yaradaq, arxivlərimiz açıq, sadəcə biz və siz deyil, üçüncü tərəflər də gəlsin, bunu müzakirə edək. Dövlət başçımız baş nazir olanda, başqa baş nazirlərimiz də ermənilərin Osmanlı dönəmində məruz qaldıqları sıxıntıları ilə bağlı həmdərd olması ilə bağlı açıqlamalar verdilər. Amma o açıqlamalarda belə bir fikir də var idi ki, o zamankı nəticələri çox ciddi şəkildə, bir-birimizlə müzakirə edərək, bir-birimizlə həmdərd şəkildə araşdıracağıq. Yəni konstruktiv şəkildə, qarşı tərəfin hissiyatını da nəzərə alaraq araşdırmaq nəzərdə tutulurdu. Amma Ermənistan tamamilə təbliğat yolu ilə dünyanı olmayan bir şeyə inandırmağa çalışır. Bunun üçün də ən münasib zəmin nədir? Məsələni siyasi müstəviyə çıxarmaqdır. Türkiyəyə qarşı bu və ya digər şəkildə mənfi hisslər bəsləyən ölkələrə gedərək, onlardan da dəstək alaraq, diasporunu da işə salaraq, Türkiyə əleyhinə qərar çıxartmağa çalışırlar. Söylədiyim kimi, misirli həmkarıma hörmətimi ifadə edirəm, amma o, nə deyir? “Misir parlamentində bu məsələ Türkiyə ilə Misir arasında yaxşı olmayan münasibətlərə cavab olaraq meydana gəlib”. Burada bir etiraf var. Yəni, əlaqələrimiz pisləşib deyə, siyasi motivlərdən istifadə etmək qərarına gəlmişik. Hər hansı bir ölkə əgər 1915-ci ilin hadisələri ilə bağlı səmimi, bu sözü vurğulamaq istəyərdim, səmimi şəkildə yardım etmək istəyirsə, bunu tarixi müzakirələr şəklində etsin. Amma bu və digər səbəblərdən, Türkiyədən küsməsi səbəbindən, “Türkiyəyə necə zərər verə biləcəyik?” düşüncəsini, ermənilərlə ortaq iş görməyini seçərsə, yəni qərəzli yanaşarsa, Türkiyə bunu bağışlamaz. Bu etirafın önəmli olduğunu düşünürəm və yanlışlıqlarını anlayacaqlarına ümid edirəm.

- Cənab səfir, təəssüf ki, Sizin Azərbaycanda diplomatik fəaliyyətiniz tamamlanır. Azərbaycandan nə zaman və hansı təəssüratlarla ayrılırsınız? Diplomatık missiyanız zamanı ən yaddaqalan hadisə hansı oldu?

- Hələlik sizinlə vidalaşmıram, çünki Ankaraya nə vaxt qayıtmalı olduğum barədə dəvət gəlməyib, amma vəzifəmi çox dəyərli səfirə təhvil verəcəm, əvvəllər Azərbaycanda çalışan bir diplomata. Mən buradakı 4 illik fəaliyyətimdən sonra Türkiyəyə qayıdacam. Azərbaycan elə bir yerdir ki, Türkiyə səfiri və ya hər hansı bir türk vətəndaşı üçün yaddaqalan hadisələrin sayı-hesabı yoxdur. Çünki burada bizə göstərilən qonaqpərvərlik sonsuzdur. Getdiyim hər yerdə, təkcə dövlət tədbirlərində deyil, Türkiyə səfiri və ya Türkiyədən gəldiyimi biləndə bütün küçənin sərgilədiyi səmimi sevgi xüsusi olaraq məni təsirləndirir. Amma dediyim kimi, hələlik ayrılmıram.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi