“Yeni yüz ildə Türkiyənin Azərbaycanla əlaqələri bu gün çatdığı səviyyədən daha üstün olacaq”.
Bunu “Report”un Ankara bürosuna açıqlamasında Türkiyə Strateji Düşüncə İnstitutunun (SDİ) rəhbəri, ehtiyatda olan general-mayor, dosent Güray Alpar bildirib.
O qeyd edib ki, Türkiyə Nazirlər Kabinetinin yeni tərkibi Azərbaycanın həm ölkə, həm də Qafqaz regionu üçün əhəmiyyətini bilən şəxslərdir:
“Ərdoğanın Azərbaycana olan hörməti, sevgisi, İlham Əliyevlə qardaşlığı hamımıza məlumdur. Təkcə bu fakt iki ölkəni “Əkiz qardaş” və bir millət etmək üçün kifayətdir. Azərbaycan son nailiyyətləri ilə həm öz regionunda, həm də bütün dünyada seçilir. Azərbaycan və Türkiyə münasibətlərinin yaratdığı assosiasiya isə ölkələrimizin gücünü qat-qat artırır və türk dünyasını birləşdirir. Türk Dövlətləri Təşkilatı getdikcə daha çox institusionallaşır. Azərbaycanın da bu təşkilatdakı mövqeyi çox önəmlidir. Azərbaycan ilə Türkiyə arasında əməkdaşlıq çox şaxəli və strateji xarakter daşıyır. Ərdoğanın ilk xarici səfərini etdiyi ölkənin Azərbaycanın olması bunu ən yüksək səviyyədə təsdiqləyən və Türkiyənin Azərbaycana verdiyi önəmi göstərən gözəl nümunədir”.