Türkiyənin nüfuzlu qurumlarından olan Türk Ocaqları Birliyi Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunu kəskin şəkildə pisləyib.
Bu barədə “Report”un Ankara Bürosuna qurumdan bildirilib.
“Qardaş Azərbaycanın İrandakı səfirliyinə edilən xain hücumu şiddətlə qınayırıq. Şəhid olan mühafizə xidmətinin rəisi Orxan Əsgərova Allahdan rəhmət diləyir, kədərli doğmalarına və Azərbaycan xalqına başsağlığı verir, yaralılara şəfa arzulayırıq”, - Türk Ocaqları Birliyindən qeyd olunub.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda bu xain hücum üzrə araşdırma gedir.
Azərbaycan səfirliyinə hücum edən şəxs səfirlik əməkdaşları tərəfindən saxlanılıb.