Tbilisidə Metsamor AES-in bağlanmasının zəruriliyi ilə bağlı mətbuat konfransı keçirilib

Tbilisidə Metsamor AES-in bağlanmasının zəruriliyi ilə bağlı mətbuat konfransı keçirilib “Bütün demokratik qüvvələr birləşərək Metsamor AES-in bağlanması üçün səsini ucaltmalıdırlar”
Xarici siyasət
23 May , 2016 15:42
Tbilisidə Metsamor AES-in bağlanmasının zəruriliyi ilə bağlı mətbuat konfransı keçirilib

Tbilisi. 23 may. REPORT.AZ/ “Dünya birliyi Ermənistanın regiondakı pozucu mövqeyini bir daha dərindən təhlil etməlidir. Metsamor AES-in bağlanması ilə bağlı qəti qərar qəbul olunmalıdır. Hamı dərk etməlidir ki, Ermənistan Cənubi Qafqaz regionunda yeganə radioaktiv təhlükə mənbəyidir”.

“Report” xəbər verir ki, bu sözləri Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin sədri Əli Babayev mayın 23-də Tbilisidə keçirdiyi mətbuat konfransında söyləyib.

Ə.Babayev bildirib ki, aprel ayında Gürcüstan ərazisində uran maddəsini satmaq istəyən iki qrup ifşa olunub: “Onlar əllərində olan uranı təqribən 3 milyon ABŞ dollarına satmaq istəyiblər. Bu faktla bağlı artıq 19 nəfər saxlanıb, onlardan da bir neçəsi Ermənistan vətəndaşlarıdırlar. Əsas narahatlıq doğuran məsələlərdən biri bu radioaktiv maddənin haradan gətirilməsidir. Artıq araşdırmalar zamanı bu maddənin Ermənistandan gətirildiyi, tutulan şəxslərdən birinin Metsamor AES-də, başqa birisinin isə bu ölkənin xüsusi xidmət orqanlarında işlədiyi sübut olunub”.

Ə.Babayevin sözlərinə görə, məsələ artıq daha ciddi xarakter alıb. Demokratik qüvvələr mövcud təhlükənin böyüklüyünü, ciddiliyini dərk edirlər. Artıq bir neçə qeyri-hökumət təşkilatı birlikdə məsələ ilə bağlı Gürcüstanın hökumət başçısına müraciət edib. Müraciətdə Ermənistanın regiondakı pozuculuq fəaliyyətinə qiymət verilməsi və lazımi addımların atılması xahiş olunur. Müraciətə hökumətdən artıq cavab verilib. Hökumətdən məsələnin ciddi şəkildə araşdırıldığı bildirilib.

Siyasətçi deyib ki, Ermənistandakı Metsamor AES region üçün əsl fəlakət mənbəyidir: “Heç kim Çernobıl faciəsini unutmamalıdır. Cənubi Qafqaz ölkələrindən nə qədər insan həmin faciənin nəticələrinin aradan qaldırılması zamanı ciddi xəsarət alıb. İndi bizim regionumuz da belə bir faciə ilə üz-üzə qalıb. Heç kim Metsamor AES-in fəaliyyəti ilə bağlı nikbin proqnoz verə bilməz. Uzun müddətdir ki, istismar olunan bu stansiya artıq ciddi fəlakət mənbəyidir. Bundan təkcə Azərbaycan və türk xalqları deyil, gürcü, abxaz, osetin və digər millətlər, eləcə də ermənilərin özləri əziyyət çəkəcəklər. Odur ki, bütün demokratik, xalqının, millətinin xoşbəxt gələcəyini düşünən qüvvələr birləşərək Metsamor AES-in bağlanması üçün səsini ucaltmalı, beynəlxalq təşkilatlardan Ermənistana təzyiqləri artırmağı tələb etməlidirlər”.

Ə.Babayevin fikrincə, ermənilərin pozuculuq fəaliyyəti təkcə uran satmaq və ya Metsamor AES-lə bitmir: “Son günlər ermənilər tərəfindən separatizm meylləri daha da artıb. Azərbaycanlılara və türklərə qarşı müxtəlif çağırışlar eşidilir. Ermənilərin “Krunk” terror təşkilatının Gürcüstan ərazisində yenidən fəallaşması da ciddi narahatçılıq doğurur. Gürcüstanın işğal olunmuş ərazilərindən 350 mindən çox gürcü didərgin düşüb, müxtəlif bölgələrdə məcburi köçkün həyatı yaşayırlar. Bundan sui-istifadə edərək həmin ərazilərdə “çoxluq” təşkil edən ermənilər mədəni muxtariyyət tələb edirlər. Bu gün mədəni muxtariyyət tələb edənlər gələcəkdə muxtariyyət tələb edəcəklər. Bunu biz tarixdən də bilirik. Azərbaycanın işğal olunmuş ərazilərində baş verənlər məhz həmin siyasətin əyani sübutudur".

O deyib ki, Gürcüstan hökuməti bu məsələlərə ciddi yanaşmalı və ermənilərin iddialarına vaxtında tutarlı cavab verməlidirlər.

Son xəbərlər

Orphus sistemi