Yuxarı

"The Washington Times": ABŞ nə üçün Ukraynanı dəstəkləyir, Azərbaycanı yox?

Vaşinqton postsovet məkanındakı münaqişələrlə bağlı ardıcıl siyasət yürütməlidir

Bakı. 30 aprel. REPORT.AZ/ "Vaşinqton postsovet məkanındakı separatçı münaqişələrlə bağlı ardıcıl siyasət yürütməlidir".

"Report" xəbər verir ki, bu barədə "The Washington Times" qəzetində dərc olunan məqalədə bildirilir.

"ABŞ nə üçün Ukraynanı dəstəkləyir, Azərbaycanı yox?" başlıqlı məqalədə qeyd olunur ki, ərazi bütövlüyünə qarşı münasibətdə ardıcıllıq nümayiş etdirmək sülhün açarıdır.

Müəllif yazır ki, son aylar ərzində Amerika hakimiyyəti Ukraynaya qarşı düzgün dəstək nümayiş etdirib.

"Vaşinqton Rusiyanı sərt sanksiyalarla hədələməkdə və öz avropalı müttəfiqlərinə təzyiq göstərməkdə davam edir. Bəs nə üçün ABŞ Qafqazdakı müttəfiqi Azərbaycanı bu şəkildə dəstəkləmir? Dayanıqlı və uğurlu Amerika xarici siyasəti üçün lazım olan ardıcıllıq hardadır?", - deyə müəllif sual edir.

Müəllif ardınca Dağlıq Qarabağdakı vəziyyəti nümunə gətirir.

"Ermənistan 20 ildən artıqdır ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini pozaraq Dağlıq Qarabağ və ona bitişik yeddi rayonu işğal altında saxlayır və orada etnik təmizləmə siyasəti aparıb.

Dağlıq Qarabağ və digər yeddi rayon tarixən Azərbaycana mənsub olub və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan torpaqları kimi tanınıb. Bununla belə, həmin torpaqlar 1992-ci ildən bu yana Ermənistanın işğalı altındadır.

Beynəlxalq hüquq aydın şəkildə Azərbaycanın mövqeyini dəstəkləyir. Belə olan halda, Ermənistan-Azərbaycan problemi birmənalı olaraq BMT-nin münaqişəyə dair qəbul etdiyi mövcud qətnamələrə uyğun nizamlanmalıdır", - deyə məqalə müəllifi xatırladıb.

O qeyd edir ki, ABŞ təkcə Ukraynanı deyil, daha geniş ərazi bütövlüyü və suverenlik prinsiplərini dəstəkləməlidir, Vaşinqton Ukrayna, Gürcüstan və Azərbaycandakı münaqişələrin qiymətləndirilməsində ardıcıllıq nümayiş etdirməlidir.

Məqalə müəllifinin fikrincə, ardıcıl olmayan siyasət təkcə Amerikanın müttəfiqləri üçün deyil, həm də azadlıq və beynəlxalq qanuna hörmət prinsipləri və ümumilikdə regional stabillik üçün risk yaradır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi