Tbilisidə Gürcüstanın Təsviri İncəsənət Muzeyində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən sərgi açılıb.
“Report”un yerli bürosu xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü, Gürcüstanın Təsviri İncəsənət Muzeyi və Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən sərginin əsas mövzusu Heydər Əliyev və Eduard Şevardnadzenin dostluq münasibətləri haqqındadır.
Sərgi zalında ziyarətçilərə iki görkəmli dövlət xadiminin Azərbaycan və Gürcüstana qarşılıqlı səfərləri, bir sıra beynəlxalq tədbirlərdə və regional layihələrlə bağlı mərasimlərdə iştiraklarını əks etdirən 50-yə yaxın fotoşəkil təqdim olunub.
Fotoşəkillərlə yanaşı, Eduard Şevardnadze Fonduna aid və Heydər Əliyevin Gürcüstanın mərhum dövlət başçısına təqdim etdiyi xalça və digər xatirə hədiyyələri də sərgilənib. Gürcü liderə əlamətdar günlərdə hədiyyə edilmiş və Şevardnadzelər ailəsinə məxsus unikal əşyalar ictimaiyyətə ilk dəfədir təqdim olunur.
Tədbirin açılış mərasiminə SOCAR şirkəti, Gürcüstanın Xarici İşlər Nazirliyi, patriarxlıq, parlamentin nümayəndələri, dövlət xadimləri, Tbilisi meri Kaxa Kaladze, diplomatik korpus təmsilçiləri, azərbaycanlı ziyalılar, gənclər və iş adamları qatılıb.
Öncə qonaqlara sərgi üçün xüsusi olaraq hazırlanmış iki görkəmli dövlət xadiminin xatirəsinə ithaf olunmuş videoçarx nümayiş etdirilib.
Mayın 15-dək davam edəcək “Gələcəyə aparan yol” sərgisini ziyarət ödənişsizdir.