Tbilisidə Heydər Əliyevə həsr olunmuş “Dostluğun siması” sənədli filmi təqdim olunub

Tbilisidə Heydər Əliyevə həsr olunmuş “Dostluğun siması” sənədli filmi təqdim olunub Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevə həsr olunmuş və ölkəmizin Gürcüstandakı səfirliyinin dəstəyi ilə çəkilmiş “Dostluğun siması” adlı sənədli filmin təqdimatı olub.
Xarici siyasət
8 Dekabr , 2023 23:05
Tbilisidə Heydər Əliyevə həsr olunmuş “Dostluğun siması” sənədli filmi təqdim olunub

Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevə həsr olunmuş və ölkəmizin Gürcüstandakı səfirliyinin dəstəyi ilə çəkilmiş “Dostluğun siması” adlı sənədli filmin təqdimatı olub.

"Report"un yerli bürosu xəbər verir ki, film fenomen şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edir.

Təqdimat mərasimində Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstan xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya, Türkiyənin Tbilsidəki səfirliyinin məsul əməkdaşları, AZEBİ-nin sədri Nəriman Qurbanov, Gürcüstanın dövlət və hökumət üzvləri, deputatlar, SOCAR-ın əməkdaşları, yerli siyasətçilər və ictimai xadimlər iştirak ediblər.

Əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səfir Faiq Quliyev çıxışında Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə nəzər salıb, müasir Azərbaycan dövlətinin inkişafında və möhkəmlənməsində Ümummilli Liderin əvəzsiz xidmətlərindən danışıb. Bildirib ki, müstəqilliyimizin bərpasından sonra Azərbaycan-Gürcüstan münasibətlərinin yeni müstəvidə inkişafı da məhz dünya şöhrətli siyasi xadim Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Gürcüstana, gürcü xalqına və xüsusən də buradakı soydaşlarımıza xüsusi diqqət və qayğı ilə yanaşıb.

Onun sözlərinə görə, Ümummilli Liderin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Laşa Darsaliya çıxışında deyib ki, Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında və möhkəmlənməsində fenomen şəxsiyyət, dahi siyasi xadim Heydər Əliyevin xidmətləri əvəzsizdir. Heydər Əliyevin uzaqgörənliyi nəticəsində ölkələrimiz arasında qarşılıqlı hörmətə əsaslanan dostluq münasibətləri qurulub. Onun siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin səyləri nəticəsində isə əlaqələrimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Nazir müavini ölkələrimiz arasındakı qarşılıqlı hörmət və etimada söykənən bu münasibətlərin bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əmin olduğunu vurğulayıb.

Filmin ssenari müəllifi və ideya müəllifi Şahismayıl Şəmmədoğlu çıxışında filmin ərsəyə gəlməsində göstərdikləri dəstəyə və yardıma görə, ölkəmizin Gürcüstandakı səfirliyinə və digər şəxslərə minnətdarlığını bildirib. O deyib ki, bu günədək Azərbaycan-Gürcüstan münasibətlərinə dair bir neçə film çəkilib. Lakin bu film ölkələrimiz arasındakı əlaqələrin inkişafı və münasibətlərin möhkəmlənməsində xüsusi rolu olan fenomen şəxsiyyət Heydər Əliyevin fəaliyyətindən bəhs edən samballı sənət əsəridir.

Filmdə Azərbaycanın və Gürcüstanın dövlət və hökumət rəsmilərinin, azərbaycanlı və gürcü siyasətçilərin, elm və ictimaiyyət xadimlərinin Ulu Öndərlə, onun müəllifi olduğu layihələr və ideyalarla bağlı fikirləri əksini tapıb. Filmin ideya müəllifi və ssenari müəllifi AzTV-nin Gürcüstan üzrə müxbiri Şahismayıl Şəmmədoğlu, quruluşçu rejissoru və operatoru Elnur Vəlizədə, redaktoru AZƏRTAC-ın Gürcüstan üzrə xüsusi müxbiri Xətayi Əzizovdur.

Son xəbərlər

Orphus sistemi