Tayırbek Sarpaşev: “Avropa Oyunlarının keçirilməsi Azərbaycanın sabit iqtisadi inkişafını təsdiq edən böyük nailiyyətidir”

Tayırbek Sarpaşev: “Avropa Oyunlarının keçirilməsi Azərbaycanın sabit iqtisadi inkişafını təsdiq edən böyük nailiyyətidir” Səfir iqtisadi sahədə ölkələrarası əməkdaşlığın daha da inkişafı üçün istifadə edilməmiş böyük potensialın olduğunu bildirib
Xarici siyasət
24 İyun , 2015 18:20
Tayırbek Sarpaşev: “Avropa Oyunlarının keçirilməsi Azərbaycanın sabit iqtisadi inkişafını təsdiq edən böyük nailiyyətidir”

Bakı. 24 iyun. REPORT.AZ/ Qırğız Respublikasının baş nazirinin birinci müavini Tayırbek Sarpaşev və Azərbaycan Respublikasının bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucov arasında görüş keçirilib. Bu barədə “Report”a Azərbaycanın Qırğız Respublikasındakı səfirliyindən məlumat verilib.

Avropa Oyunlarının açılış mərasimində iştirak etmiş T.Sarpaşev tədbir haqqında xoş təəssüratlarını bölüşüb. O, açılış mərasimi ilə bağlı aparılmış hazırlıq işlərini yüksək qiymətləndirib və dəvət üçün Qırğız Respublikası hökuməti tərəfindən minnətdarlığını bildirib. “Avropa Oyunlarının keçirilməsi – Azərbaycanın sabit iqtisadi inkişafını təsdiq edən böyük nailiyyətidir” - T.Sarpaşev deyib.

Səfir bildirib ki, Azərbaycanın indiki nailiyyətləri və ölkəmizin əsl idman derjavasına çevrilməsi Prezident İlham Əliyevin xidmətidir: “Prezidentimizin rəhbərliyi ilə qısa müddət ərzində bütün hazırlıq işləri tarixdə görünməmiş sürətlə və keyfiyyətlə həyata keçirilib və bu Oyunlar gələcəkdə keçiriləcək belə tədbirlər üçün əsl nümunəyə çevrilib”.

Səfir bildirib ki, Azərbaycanın və Qırğızıstanın liderləri tərəfindən iki ölkə arasında əməkdaşlığın inkişafına böyük maraq göstərildiyinə görə müxtəlif sahələrdə, o sıradan iqtisadi sahədə də əlaqələrin möhkəmləndirilməsi müşahidə olunur. O, son illər ərzində ölkələrarası ticarət dövriyyəsinin artmasına baxmayaraq, iqtisadi sahədə ölkələrarası əməkdaşlığın daha da inkişafı üçün istifadə edilməmiş böyük potensialın olduğunu bildirib.

Sonda səfir Avropa Oyunlarının Qırğızıstanın kütləvi informasiya vasitələrində, əsasən də Qırğızıstanın dövlət kanalı KTRK (Qırğız Respublikasının İctimai Teleradio Korporasiyası) və özəl NTS, “Piramida” televiziya kanallarında daimi olaraq geniş işıqlandırıldığına görə minnətdarlığını bildirib.

Görüşdə hər iki tərəfi maraqlandıran digər məsələlər müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi