Beynəlxalq əməkdaşlıq sayəsində gənclər üçün effektiv imkanlar açılacaq. Şuşada keçirilən tədbirlər bizi daha dinc gələcəyə aparacaq.
"Report"un Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun prezidenti Taha Ayhan “Şuşa - İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramının açılış mərasimində çıxış edərkən deyib.
O, proqramın xalqlar, dövlətlər arasında körpü salacağına inandığını vurğulayıb: "Gənclər icmamızın mühüm hissəsidir. Onların rifahı üçün sosial-iqtisadi inkişaf addımları atılmalıdır. Gələcək naminə gənclərlə əl-ələ verməliyik, bu platformadan effektiv istifadə etməliyik".
Taha Ayhan qeyd edib ki, müsəlman ümmətinin çəkdiyi əziyyətləri bütün dünya görür: "Prezident İlham Əliyevə təşəkkür edirik. Çünki o, ümmətimizin məqsədləri üçün çalışır. O, Qarabağı azad edib. Bizi ilhamlandırıb. Şuşanın azad olunması əməliyyatından dərs götürməliyik. Bu, bütün islam aləmi üçün önəmlidir. Biz müsəlmanların dərdinə şərik olmalıyıq".